Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb – Qırmızı bülletenlə axtarışda olublar


Gürcüstanda aparılan kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində üç Türkiyə vətəndaşı saxlanılıb.
Yeniavaz.com
 xəbər verir ki, bu barədə "Georgia Online" xəbər yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, saxlanılan şəxslər – 1999-cu il təvəllüdlü İ.C., 1980-ci il təvəllüdlü Ş.İ. və 2000-ci il təvəllüdlü G.İ. – sərhədi qanunsuz keçməkdə, odlu silah və döyüş sursatını qanunsuz əldə etməkdə, saxlamaq və gəzdirməkdə təqsirləndirilirlər. Həmin şəxslər Gürcüstanın Marneuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, saxlanılanlardan biri iki nəfəri qəsdən öldürməkdə təqsirli bilinərək Türkiyə İnterpolu tərəfindən qırmızı bülletenlə axtarışa verilib. İstintaqın ilkin nəticələrinə əsasən onlar Gürcüstanın dövlət sərhədini qanunsuz şəkildə keçərək ölkəyə daxil olublar.
Şəxslər Tetritskaro Bələdiyyəsində avtomobil idarə edərkən saxlanılıb. Polis əməkdaşları onlardan sübut kimi odlu silah və 13 ədəd patron müsadirə ediblər.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 344-cü (sərhədi qanunsuz keçmə), 25-236-cı (cinayət məqsədilə odlu silah və sursat əldə etmə, saxlama və gəzdirmə) maddələri üzrə aparılır. Bu cinayət əməllərinə görə 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top