
İyulun 19-da Qəzza zolağında İsrailin endirdiyi zərbələr nəticəsində azı 70 nəfər həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” anklavın xəstəxanalarındakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, onların arasında paylama mərkəzlərində humanitar yardım almaq üçün gözləyən 36 nəfər var.
Xatırladaq ki, mayın 18-də İsrail ordusu “Gideonun arabaları” adlı genişmiqyaslı quru əməliyyatı çərçivəsində Qəzza zolağının şimal və cənub bölgələrində hərbi əməliyyatlara başladığını elan edib. Bildirilib ki, əməliyyatın məqsədi HƏMAS-ın tamamilə məğlub edilməsi və anklavda saxlanılan bütün israilli girovların azad edilməsidir. İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, əməliyyatdan sonra ordu bütün Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırır.
Qeyd edək ki, 2 mart 2025-ci ildən Qəzza zolağına heç bir beynəlxalq humanitar yardım daxil olmayıb. İsrail bütün nəzarət-buraxılış məntəqələrini bağlı saxlamağa və ABŞ-nin idarə etdiyi Qəzzaya Humanitar Yardım Fondu vasitəsilə qida paylamağa qərar verib.