
18 iyul 2025-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Yeniavaz.com XİN-in rəsmi saytında dərc olunan məlumata istinadla xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
“Qarşılıqlı həmrəylik, dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Pakistan strateji tərəfdaşlığının siyasi, iqtisadi, təhlükəsizlik, humanitar aspektlərindən bəhs edilib, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mövcud imkanlardan istifadənin vacibliyi qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.