İsrail və Suriya atəşkəs barədə razılığa gəliblər


İsrail və Suriya atəşkəs barədə razılığa gəliblər.          
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ-nin Türkiyədəki səfiri Tom Baraka istinadən məlumat yayıb.
Bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu və Suriya Prezidenti Əhməd Əl Şaraa Türkiyə, İordaniya və digər qonşu dövlətlərin dəstəklədiyi atəşkəs barədə razılığa gəliblər.
“Biz druzlara, bədəvilərə və sünnilərə çağırış edirik ki, silahı yerə qoysunlar və digər azlıqlarla birlikdə, qonşuları ilə sülh və rifah şəraitində, yeni və vahid suriyalı kimliyi formalaşdırsınlar”, — deyə ABŞ səfiri bildirib.
Qeyd edək ki, son bir neçə gündə Suriya silahlı qüvvələrinin cənub bölgələrinə nəzarəti bərpa etmək istiqamətində tədbirləri İsrail ordusunun müdaxiləsi ilə nəticələnib.
Belə ki, Suriyanın cənubunda vəziyyət 13 iyulda kəskinləşib. Həmin vaxt Əs-Süveyda vilayətində ərəb tayfalarının silahlı birləşmələri ilə druz dağlılarının özünümüdafiə dəstələri arasında toqquşmalar başlayıb. 15 iyulda Suriya ordusu vilayətin eyniadlı inzibati mərkəzinə daxil olub və vəziyyəti sabitləşdirmək məqsədilə şəhərin təmizlənməsinə başlayıb. Bundan az sonra İsrail, druz əhalisini qorumaq üçün Suriya Silahlı Qüvvələrinin hərbi kolonlarına zərbələr endirib, 16 iyulda isə Dəməşqdə bir sıra strateji obyektləri atəşə tutub.
Druzlar Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilində danışan, etno-konfessional qapalı bir qrupdur. Suriyada 700 min nəfər druz yaşayır və bu, ölkədə kürdlər və ələvilərdən sonra üçüncü ən böyük dini-etnik azlıqdır.

DİGƏR XƏBƏRLƏR

Top