10 nömrəsi uğurlu oldu – Bir gündə 70 min köynəyi satıldı


İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Lamin Yamalın nömrəsi dəyişdikdən sonra bir gündə 70 min köynəyi satılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Culemania” portalı məlumat yayıb.
Məlumata görə, köynəklərin satışından əldə edilən ilkin gəlir 10 milyon avro civarında ola bilər, ancaq dəqiq məbləğ yaxın bir neçə gün ərzində açıqlanacaq.
Portalın məlumatına görə, köynəklər 170 ölkədə satılıb.
Qeyd edək ki, iyulun 16-da “Barselona” 18 yaşlı Yamalın gələn mövsümdən etibarən 10 nömrə geyinəcəyini açıqlayıb.
Bu, Ansu Fatinin komandadan ayrılaraq “Monako”ya keçməsindən sonra mümkün olub.
“Barselona”da bu nömrəni müxtəlif illərdə Dieqo Maradona, Ronaldinyo və Lionel Messi geyinib.
Xatırladaq ki, Yamal “Barselona”nın yetirməsidir. 2024/25 mövsümündə komanda ilə birlikdə o, çempion, İspaniya kubokunun və Superkubokunun qalibi olub. Ötən mövsüm futbolçu “Barselona”nın heyətində 55 matçda iştirak edib, 18 qol vurub və 25 məhsuldar ötürmə verib. Yamal 2023-cü ildə də “Barselona” klubu ilə İspaniya çempionu olub.
Yamal İspaniya millisi ilə birlikdə 2024-cü ildə Avropa çempionatında qalib gəlib və turnirin ən yaxşı gənc futbolçusu olub. 2024-cü ilin oktyabrında o, “France Football” jurnalı tərəfindən dünyanın ən yaxşı gənc oyunçusu seçilib və növbəti ay 21 yaşa qədər Avropanın ən yaxşı oyunçusuna verilən “Golden Boy” mükafatını qazanıb. Mükafatın təsisçisi “Tuttosport” nəşridir.

DİGƏR XƏBƏRLƏR

Top