ABŞ-də edam cəzası rekord həddə çatdı – Son on ildə ilk dəfə


ABŞ-də son altı ayda 26 nəfər edam cəzasına məhkum edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə  “LeMonde” qəzeti məlumat yayıb.
Məlumata görə, bu, 2015-ci ildən bəri ən yüksək göstəricidir. Belə ki, iyulun 15-i, çərşənbə axşamı 54 yaşlı Maykl Bell edam edilib. Yerli Cəzaların İcrası Departamentinin məlumatına görə, saat 18:25-də Reyford həbsxanasında ona öldürücü iynə vurulub.
Bell hələ 1993-cü ildə Ceksonvildə iki gənci - Cimmi Uest (23) və Tameka Smiti (18) qətlə yetirməkdə təqsirli bilinib. O, edam cəzasına məhkum edilənlərin kamerasında 30 ildən çox keçirib.
Yerli Cəzaların İcrası Departamentinin məlumatına görə, bu il ABŞ-də həyata keçirilən 26 edamın yarısından çoxu üç ştatda: Florida, Texas və Cənubi Karolinada həyata keçirilib. 21 edam öldürücü iynə ilə yerinə yetirilib. Daha üç edam azot inhalyasiyası ilə həyata keçirilib.
Digər tərəfdən, bu il ABŞ-də 2010-cu ildən bəri ilk dəfə Cənubi Karolinada güllələnmə ilə iki edam icra edilib.
İlkin məlumatlara görə, ABŞ 2025-ci ilin sonuna kimi daha doqquz edam icra etməyi planlaşdırır.
Bununla belə, bütün Amerika ştatlarında ən yüksək cəza növü kimi ölüm hökmü yoxdur. Məsələn, üç ştatda - Kaliforniya, Oreqon və Pensilvaniyada qubernatorlar tərəfindən edamlara moratorium qoyulub. Həmçinin, Amerikanın 50 ştatından 23-də ölüm hökmü tamamilə ləğv edilib.

DİGƏR XƏBƏRLƏR

Top