Mbappe polisə rüşvət verməkdə şübhəli bilinir


İspaniyanın “Real Madrid” futbol klubunun fransalı hücumçusu Kilian Mbappe polis əməkdaşlarına iri məbləğdə pul köçürülməsi işi üzrə istintaqa cəlb olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RMC Sport” telekanalı məlumat yayıb.
Bildirilib ki, Fransa milli komandasının təhlükəsizliyinə cavabdeh olan hər bir polis əməkdaşı 2023-cü ilin iyun ayında Mbappenin bank hesabından yazılmış çek alıb. Dörd polis əməkdaşının hər biri 30 min avro, onların rəhbəri isə 60,3 min avro məbləğində pul alıb.
Mənbənin məlumatına görə, Mbappe 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında iştirakına görə aldığı bütün bonus məbləğini Fransa millisinin təhlükəsizliyinə cavabdeh olan şəxslərə ianə etmək qərarına gəlib.
26 yaşlı Mbappe 2024-cü ilin yayında azad agent kimi “Real Madrid”ə keçib. Madrid klubunun heyətində o, artıq UEFA Superkuboku və Qitələrarası Kubokun qalibi olub. Bundan əvvəl hücumçu PSJ klubunda çıxış edib, burada 5 dəfə Fransa çempionu, 3 dəfə kubok və superkubok sahibi, 2 dəfə isə Liqa Kubokunun qalibi olub.
Milli komandada Mbappe 2018-ci ildə Rusiyada dünya çempionu, 2022-ci ildə Qətərdə dünya çempionatının gümüş mükafatçısı olub və həmin turnirdə 8 qol vuraraq bombardir adını qazanıb. 2021-ci ildə isə Fransa millisinin heyətində Millətlər Liqasının qalibi olub.

DİGƏR XƏBƏRLƏR

Top