Paşinyan ABŞ-nin Zəngəzur dəhlizini icarəyə götürməsi məsələsinə münasibət bildirdi


“Ermənistan maraqlıdır ki, Ermənistan ərazisindən Azərbaycan ərazisinə, Azərbaycan ərazisindən Ermənistan ərazisinə, ikitərəfli ticarət dövriyyəsi, Ermənistan və Azərbaycan ərazisindən keçməklə üçüncü ölkələrə beynəlxalq əlaqə və tranzit daşımalar açılsın”.
Yeniavaz.com
xəbər verir ki, bunu bu gün, iyulun 16-da mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bütün bu proseslər Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində baş verməlidir:
“Xarici idarəetməyə gəlincə, bu gün Ermənistanda belə çox nümunələr var. Məsələn, “Zvartnots” hava limanının idarə olunması xarici şirkətə həvalə olunub. Su təsərrüfatı sisteminin idarə olunması da eyni qaydada xaricə verilib. Əvvəllər “Haypost”un idarə olunmasının belə təcrübəsi olub. Ermənistan dəmir yollarının idarə olunması da xarici operatorun əlindədir. Burada incə məqam odur ki, bütün bu sistemlər Ermənistanın mülkiyyəti olaraq qalır. Bunu qeyd etmək çox vacibdir”, - Paşinyan bildirib.
O qeyd edib ki, Ermənistan ərazisindən keçməsi planlaşdırılan kommunikasiya dəhlizinə təkcə avtomobil və dəmir yolları yox, həmçinin boru kəmərləri, elektrik ötürücü xətləri, telekommunikasiya kabelləri də daxildir:
“Bu, yaradılmalı və idarə olunmalı bir təsərrüfatdır. Bu təsərrüfat Ermənistanın mülkiyyəti olmalıdır və ola bilər. Söhbət məhz həmin təsərrüfatın idarə edilməsindən və onun çərçivəsində müəyyən funksiyaların həyata keçirilməsindən gedir.
Bundan əlavə, icarə məsələsi də müzakirə olunur. Bizim qanunvericiliyə görə, bu “tikinti hüququ” adlanır və həmin hüququn məntiqinə əsasən, bu hüquqla edilən investisiyalar müqavilə müddəti bitdikdən sonra Ermənistanın mülkiyyətinə keçir”.
Qeyd edək ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bir müddət əvvəl bildirib ki, ölkəsi Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib. Onun sözlərinə görə, ABŞ tərəfindən 32 kilometrlik Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarət etmək təklif olunub.

DİGƏR XƏBƏRLƏR

Top