Ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC bu ilin II rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.
Rübün yekunlarına görə, "TuranBank"ın cəmi aktivləri 11,5 % artaraq 948 milyon manata çatıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6,7 % və yaxud 44 milyon manat artaraq 696 milyon manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 370 milyon manat təşkil edib. Bankın depozit portfeli 5,4 milyon artaraq 467 milyon manat, fiziki şəxslərin depozitləri isə 10 milyon manat artaraq 377 milyon manat təşkil edib ki, bu da müştərilərin Banka olan yüksək etimadının göstəricisidir.
O cümlədən ötən ilin analoji dövrü ilə müqayisədə "TuranBank"ın əməliyyat mənfəəti 57 % və yaxud 5,2 milyon manat artaraq 14,4 milyon manata, faiz gəlirləri 11 % və yaxud 4,7 milyon manat artaraq 48,6 milyon manata, qeyri-faiz gəlirləri isə 12,4 % və yaxud 3,4 milyon artaraq 11,5 milyon manata yüksəlib. Bank 2025-ci ilin I yarısını 2,2 milyon manat xalis mənfəətlə başa vurub.
II rübdə "TuranBank" institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin açılması istiqamətində beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, "TuranBank" və nüfuzlu "BlueOrchard" Beynəlxalq Mikromaliyyələşdirmə Fondu arasında ölkəmizdə, xüsusilə regionlarda kiçik və orta biznesin, sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirmək məqsədilə yerli valyutada yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu tərəfindən Banka 3 illik müddətə 10 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayrılıb.
Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində şəhid və qazi övladlarına daim diqqət və qayğı göstərən "TuranBank" ənənəsinə sadiq qalaraq hesabat dövründə növbəti xeyriyyə aksiyasına imza ataraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin “Könüllü DOST” proqramı çərçivəsində autizm, daun sindromlu uşaqlar, həmçinin şəhid ailələrinin övladlarının sosial inteqrasiyasını təşviq etmək, onların yaradıcılıq və bacarıqlarını inkişaf etdirmək, həmçinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar cəmiyyətin diqqətini onların hüquqlarına və ehtiyaclarına yönəltmək məqsədilə tədbir keçirib.
1992-ci ildən fəaliyyət göstərən "TuranBank" 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
"TuranBank"
Bizimlə etibarlıdır ...
