
İsrailin son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində 78 nəfər ölüb, onlarla insan yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri mühasirədə olan anklavı atəşə tutmağa davam edir:
“Ən azı 78 fələstinli, o cümlədən regionda dərinləşən ərzaq böhranı fonunda humanitar yardım üçün növbəyə duran bir neçə nəfər ölüb”.
Xəbərdə deyilir ki, İsrailin iyulun 14-də Qəzza zolağının cənubundakı Rəfahdakı yardım paylama mərkəzinə hücumu nəticəsində azı 5 nəfər həlak olub. Bildirilir ki, mayın sonunda fəaliyyətə başlayan ABŞ-nin idarə etdiyi Qəzza Humanitar Fondunun (GHF) obyektləri yaxınlığında öldürülən fələstinlilərin sayı 838-ə çatıb və 5000-ə yaxın yaralanıb.
Qeyd edək ki, 2 mart 2025-ci il tarixindən Qəzza zolağına heç bir beynəlxalq humanitar yardım daxil olmayıb. İsrail bütün keçid məntəqələrini bağlı saxlamaq qərarına gəlib və qida paylanmasını GHF həyata keçirir.