
Xəbər verdiyimiz kimi, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) xüsusi xidmət polkovniki İvan Voroniçin Rusiya agentləri tərəfindən öldürülməsi barədə məlumat yayıb.
Yeniavaz.com xəbər verir ki, “Senzor” nəşrinin baş redaktoru Yuri Butusov sözügedən “Rusiya agentləri”nin Azərbaycan vətəndaşları olduqlarını iddia edib.
“Cinayətkarlar – icraçı Güləlizadə Xəqani və təminatçı Nərmin Quliyeva Azərbaycan pasportu daşıyıb, lakin əslində Rusiyadakı cinayətkar qruplaşmalarla sıx əlaqələri var.
Nərmin Quliyeva Ukraynaya 15 may tarixində Moldovadan Mayaki-Udobne sərhəd-keçid məntəqəsi vasitəsilə daxil olub. Xəqani isə 2025-ci ilin 27 fevral tarixində eyni sərhəd-keçid məntəqəsindən rəsmi şəkildə dövlət sərhədini keçməyə cəhd edib. Lakin Ukrayna hüquq-mühafizə orqanlarının məlumat bazasında o, mafiya üzvü kimi qeydiyyatda olduğuna görə, ona ölkəyə giriş rəsmən qadağan olunub və 2030-cu ilə qədər Ukraynaya girişinə qadağa qoyulub. Yəni qatil Ukraynada qeyri-qanuni şəkildə olub və fəaliyyət göstərib”, - nəşr yazır.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç iyulun 10-da Kiyevin Qoloseyevski rayonunda güllələnib. Daha sonra Ukrayna Təhlükəsizlik Xidməti Voroniçin qatilləri olduğu iddia edilən şəxslərin zərərsizləşdirildiyini açıqlayıb. UTX-nin bəyanatında deyilir ki, Kiyev vilayətində saxlanılarkən onlar müqavimət göstəriblər və öldürülüblər.
