
Tənqid etmək, irad tutmaq nə qədər asandırsa, tənqidə və irada qarşı dözümlü olmaq da o qədər çətindir.
Kimisə hansısa məqsədlə tənqid etmək olar: məsələn, onun qəlbini qırmaq üçün, onu utandırmaq üçün, ondan qisas almaq üçün… ya da ortada olan bir səhvi aradan qaldırmaq üçün... Məqsəd nə olursa olsun, bütün hallarda onlar iki mənbədən qaynaqlanırlar: ya nəfsin istədiklərinə uyğun olduqları üçün, ya da Allahın buyurduqlarına uyğun olduqları üçün...
Hər şeyin ədəbi, üslubu olduğu kimi tənqid etməyin, irad bildirməyin da ədəbi, üslubu var. Nəfsin istədikləri ilə edilən tənqid, bildirilən irad həmişə qırıcı olur. Guya islah niyyəti ilə deyilir, ancaq əsl niyyət öz nəfsinə dərindən bir “ox” dedirtmək olur.
Allahın buyurduqlarına uyğun olaraq deyilmiş tənqiddə və ya iradda isə niyyət islah etmək, səhvi aradan qaldırmaqdır.
İslah etmək - əslində insanlığın qarşısında duran ən böyük vəzifələrdən biridir. İslah olmuş adama salih insan deyirlər. Salih insan başqalarının da islah olması üçün çalışır. Əgər tənqid və ya iradın təməlində islah etmək düşüncəsi varsa, qırıcı belə olsa, yenə xeyirlidir. Ancaq islah etmək əksər hallarda qırmaqla olmur, qurmaqla olur.
Salih insanlar başqalarının arxasınca xoş şeylər danışır, hətta biri onun barəsində pis şeylər danışanda etiraz edirlər. Onlar qüsuru üzə deyirlər, həm də mümkün qədər təklikdə deyirlər ki, qürura toxunmasınlar, qəlb qırmasınlar. Biri qüsurunda inad edəndə də mübahisə etmirlər, söhbətin uzanıb fəsada dönməsinə imkan vermirlər.
Ancaq istəsək də, istəməsək də, kiməsə tənqid və ya irad ünvanlayır, ya da bunlara tuş oluruq. Bəzən cəmiyyətdə, bəzən dostlar arasında, bəzən iş yerində, bəzən də lap ailədə bu cür münasibətlə üz-üzə qalırıq...
Heç özünüzü test etmisinizmi, imtahana çəkmisinizmi, siz bu tənqidlərə nə qədər açıqsınız? Ünvanınıza deyilmiş haqlı tənqidi nə qədər səmimi qəbul edə bilirsiniz? Yaxud biri tənqid adı ilə hər cür haqlı-haqsız ittihamları sizə ünvanlayanda, nə qədər səbir edə bilirsiniz? Haqlı da olsa, kimin tənqidi sizi daha çox incidir və ya haqsız da olsa, kimin ittihamlarına əhəmiyyət vermirsiniz?..
Əslində biz tənqidə o qədər də açıq deyilik, hətta, əksər hallarda tənqidlə təhqiri ayıra bilmirik. Buna görə də, ilk növbədə sağlam tənqidi qəbul etməyi, ondan düzgün nəticə çıxarmağı öyrənməliyik. Üstəlik, istər tənqid edəndə, istərsə də tənqid eşidəndə ədalətli olmalıyıq. Ədalətli tənqid deyə bilməyənlər və ya haqlı tənqidi həzm edə bilməyənlər isə heç vaxt ədalətli ola bilməzlər.
Həqiqi tənqid əslində müsbət qiymətləndirilməlidir. Belə ki, belə tənqid insana öz səhvini görməyə və ondan imtina etməyə kömək edir. Üstəlik də, belə tənqidin həqiqəti dərk etməkdə faydaları var. Bir də tənqid etməyi və tənqid eşitməyi bacarmağımızdan asılı olmayaraq, bütün hallarda tənqid qarşı tərəfin həzm edə biləcəyi səviyyədə olmalıdır. Ən əsası da tənqid arqumentlərə və faktlara əsaslanmalıdır.
Ailə daxilində isə tənqid əslində tərbiyə çərçivəsində öz həllini tapmalıdır. Bir şeyi də nəzərdən qaçırmayaq ki, sevgi telləri ilə bir-birinə bağlanmış adamların münasibətlərində təmənnasızlıq hakim olur. Buna görə də, belə hallarda qarşı tərəfin qüsurunu görəndə belə onun qəlbini qırmadan məsələni yoluna qoymağa çalışmaq lazımdır.
Bəli, əziz oxucular, istər tənqid olsun, istər tərif, hər deyilənin dəyəri onun həqiqətə nə qədər uyğun olmağından asılıdır. Adətən, şişirdilmiş təriflərdən məst olanlar ən adi tənqidi belə eşitməyə tab gətirə bilmirlər. Tərifin doğrusunu belə eşitmək istəməyənlər isə hər cür tənqidi səbirlə qəbul edə bilir, nəyin əsaslı, nəyin də qərəzli olduğunu anlayırlar. Bu məsələdə əsas meyar isə əlbəttə ki, ədalətdir.
Murad Məmmədov