
Bu dəfə valideynlərlə üz-üzə oturub dərdləşmək istəyirik. İstəyirik ki, bu gün çoxumuzun yaşadığı problemlərdən, uşaqlarımızın bizə qəribə görünən davranışlarından danışaq və nəticədə müəyyən bir qərara gəlməyə çalışaq.
Bəri başdan onu nəzərə alaq ki, ən azı son min ilin ən çətin və ən sürətli illərini yaşayırıq. Elm, texnika elə bir həddə çatıb ki, dünənki bu gün üçün köhnədir, günün tələblərinə ayaq uydurmaq böyük bir problemə çevrilib, hər nəsil özündən əvvəlkini təkzib edir, hər mövsümdə dünyanın başı üstündən bir bəla, bir xəstəlik əsib keçir. Və belə bir zaman dilimində biz valideynlər uşaqlarımızı istədiyimiz kimi yetişdirməyə çalışırıq. İstədiyimiz də odur ki, ağıllı olsunlar, böyük-kiçiyin yerini bilsinlər, elm öyrənsinlər, başqalarına möhtac olmasınlar, heç kimə zərər verməsinlər. Ancaq heç ağlımıza da gətirmək istəmirik ki, uşaqlarımız bizim kimi olmaq istəmirlər. Nəinki bizim kimi, heç bizim istədiyimiz kimi olmaq istəmirlər. Həzrət Əlinin (r.a.) bir sözü yaşadığımız bu illər üçün son dərəcə aktual səslənir: “Uşaqlar öz valideynlərindən çox zəmanələrinə bənzəyirlər”.
Əgər bir insan həyatında bir-birinə zidd, hətta bir çox məqamlarda biri-birini inkar edən mərhələlər yer alırsa, məsələ daha da qəlizləşir. Elə bizim yaşadığımız bu zaman dilimində olduğu kimi.
Yaşı əllini keçənlərin hamısı sovet illərində doğulub, o illərin ideologiyası ilə formalaşıb və nə qədər inkar etsələr də, canlarında, qanlarında o illərin bir parçasını daşıyırlar. Bu illərin nümayəndələrinin də, bir qədər onlardan böyüklərin də bu məsələdə tez-tez problemlər yaşadıqlarını, hətta stress keçirdiklərini təsəvvür etmək çətin deyil. Problemin kökü isə bizim ayrı-ayrı gənclərlə deyil, ümumilikdə zamanla, zamanın tələbləri ilə anlaşmağımızda qəbul etmək istəmədiyimiz reallıqlardır.
Yeniyetmə yaşına gəlmiş bir uşaq saçını istədiyi kimi daraya, üzünü istədiyi kimi qırxa, paltarını istədiyi kimi geyinə bilər. Bu onun səlahiyyətidir. Əgər sərt müdaxilə ilə mənzərəni istədiyiniz şəklə salmağa çalışsanız, nəticə gözlədiyinizdən də ağır ola bilər. Çünki bir şey uğrunda vuruşmaq bəzən “qılıncla”, bəzən də zərif bir üslubla olur. Bu məsələ də o cür zərif üslub tələb edir. Çünki təbiətdə olduğu kimi insan münasibətlərində də təsir əks təsirlə cavablanır.
Bəlkə bu cavab bir az gec gəlir, ancaq əksər hallarda gəlir və ona görə də, bu üslub heç vaxt faydalı hesab edilmir.
Tərbiyənin ən səmərəli yolu nümunə olmaqdır. Başqa sözlə, uşağı tərbiyə etməyin yolu özünü tərbiyə etməkdən keçir. Əgər siz uşağı halal yetişdirmisinizsə, onun sizə qarşı hər hansı bir haqlı ittihamı yoxdursa, deməli, bu məsələdə Allah qarşısında borclu çıxmayacaqsınız.
Üstəlik, onu da unutmayaq ki, uşaq yetişdirmək, öz gələcəyi üçün sərmayə qoymaqdan çox Allah qarşısında bir borcu yerinə yetirməkdir. Ona görə də, heç özünüzdən çıxmayın, səsinizi də qaldırmayın, astaca məsləhət verin və haqq vermək mümkündürsə, bir az da ona haqq verin...
Murad Məmmədov