
Ötən gün Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) barədə aparılan korrupsiya istintaqı ilə bağlı məhkəmə prosesinin TRT-də canlı yayımlanmasını təklif edib.
Yeniavaz.com “Hürriyet”ə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) Ədalət və İnkişaf Partiyasının (AKP) iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu təklifə münasibət bildirib.
“Cənab Baxçalı belə bir fikir ifadə edibsə, məncə bu, çox gözəl fikirdir, xeyirli olar”, - Ərdoğan bildirib.
Qeyd edək ki, martın 18-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun diplomu ləğv olunub. Bundan bir gün sonra isə o saxlanılıb. Martın 23-də məhkəmə korrupsiya ittihamını əsas gətirərək İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. Daha sonra o, İstanbulun bələdiyyə sədrliyindən uzaqlaşdırılıb.
Bundan sonra İmamoğlunun üzvü olduğu ölkənin aparıcı müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl və digər funksionerləri şəffaflıq naminə onun məhkəmə proseslərinin dövlətin kanalında (TRT) canlı yayımlanmasını tələb ediblər.