
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qarşı hərbi əməliyyata başlayacağı təqdirdə Moskvanı bombalayacağı ilə hədələyib.
Yeniavaz.com xəbər verir ki, CNN telekanalı bu iddianı əlində olan audioyazıya istinadla yayıb.
Telekanalın iddiasına görə, Tramp bu sözləri 2024-cü ildə seçki kampaniyası üçün donorlarla görüşündə deyib.
“Mən Putinə dedim ki, Ukraynaya hücum etsəniz, Moskvanı bombalayacağam. Sizə deyirəm, mənim başqa seçimim yoxdur”, - Tramp bildirib.
Amerika prezidentinin sözlərinə görə, Putin ona inanmadığını qeyd edib, lakin Ağ Evin rəhbəri Putinin ona “10%” inandığına əmin olduğunu bildirib.
Telekanal iddia edir ki, Tramp Çinin Tayvana hücum edəcəyi təqdirdə Çin Prezidenti Si Cinpinə də oxşar xəbərdarlıq edərək, Pekini bombalamaqla hədələyib.
“Mən cavab verdim: “Başqa seçimim yoxdur, sizi bombalamalı olacağam. Biz Pekini bombalayacağıq”, - deyə ABŞ lideri bildirib.
Amerika liderinin sözlərinə görə, Çin sədri də ona inanmayıb. Ancaq Tramp iddia edir ki, Si Cinpin də ona 10% inanıb.
CNN-in xəbərinə görə, Trampın kampaniyası səs yazılarının məzmununa şərh verməkdən imtina edib.