
Almaniyanın idman markası “Adidas” ABŞ-də keçirilən 2025 FIFA Klublararası Dünya Çempionatının yarımfinal oyunları da daxil olmaqla final oyununda istifadə olunacaq yeni topu təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkət “X” sosial media hesabında məlumat yayıb.
“Şəhər işıqları altında şöhrət. 2025 FIFA Klublararası Dünya Çempionatı finalının rəsmi matç topunu təqdim edirik”, - məlumatda bildirilib.
Qeyd edək ki, ilk yarımfinal matçında Braziliyanın “Fluminense” və İngiltərənin “Çelsi” klubları qarşılaşacaq. Oyun bu gün - iyulun 8-də Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Digər cütlükdə Fransanın “Paris Saint-Germain” və İspaniyanın “Real Madrid” klubları çıxış edəcək. Oyun iyulun 9-da Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Turnirin final oyunu isə iyulun 13-də baş tutacaq. Final oyunu da Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.