
“Hayastan” fraksiyasının üzvü Artur Sarkisyanın çıxışından sonra Ermənistan parlamentinin iclas zalında vəziyyət gərginləşib.
Yeniavaz.com erməni KİV-ə istinadla xəbər verir ki, hadisə əlbəyaxa dava ilə nəticələnib və zala Dövlət Mühafizə Xidmətinin əməkdaşları daxil olaraq davaya müdaxilə ediblər.
Artur Sarkisyan çıxışında bildirib ki, özünün həbsi ilə bağlı qərarın artıq verildiyinə əmindir. Bu səbəbdən Milli Məclisdə qalmağı mənasız hesab edir və qərar verib ki, azadlıqda keçirdiyi son saatları həyat yoldaşı və 4 azyaşlı övladı ilə birgə keçirsin. Onun sözlərinə görə, əvvəlcə kilsəyə gedəcək, sonra isə İstintaq Komitəsinə baş çəkəcək.
“Hayastan” fraksiyasının digər üzvü Kristine Vardanyanın sözlərinə görə, Sarkisyanın çıxışından dərhal sonra onun arxasınca qaçan ilk şəxs hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının üzvü Vahe Qalumyan olub və o, Sarkisyana hücum etmək niyyətində olub.
Bildirilir ki, dava da məhz bundan sonra başlayıb.
“Döyüş-dalaşda yalnız hakim və müxalifət deputatları ilə Dövlət Mühafizə Xidmətinin əməkdaşları deyil, həm də kim olduqları məlum olmayan şəxslər iştirak ediblər. Bu adamların parlament zalına necə daxil olduqları aydın deyil”, - “Sputnik Ermənistan”ın yaydığı məlumatda bildirilir.