
“İsrail tam hüquqlu suveren Fələstin dövlətinin yaradılmasına və ilk növbədə təhlükəsizlik sahəsində əsas səlahiyyətlərin ona verilməsinə razı olmayacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu bazar ertəsi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdə jurnalistlərin suallarını cavablandıran İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“İnanıram ki, fələstinlilər özlərini idarə etmək üçün bütün səlahiyyətlərə malik olmalıdırlar, lakin heç biri bizi təhdid etməməlidir. Bu o deməkdir ki, müəyyən səlahiyyətlər, məsələn, ümumilikdə təhlükəsizliklə bağlı səlahiyyətlər həmişə bizim əlimizdə qalacaq. İsraildə heç kim başqa bir şeyə razı olmayacaq, çünki biz intihar etmək fikrində deyilik”, - Netanyahu bildirib.
O deyib ki, belə olan halda insanlar Fələstini natamam dövlət adlandıracaqlar, amma bu onlar üçün əhəmiyyətli deyil:
“Bizə fərqi yoxdur. Yaxın Şərqdə hazırda çox geniş bir sülh mümkündür və bu sülh İsrailin bütün qonşularını əhatə edə bilər”.
Tramp isə Fələstin-İsrail münaqişəsinin iki dövlətin birgə yaşaması əsasında həllinin mümkünlüyü barədə suala cavab verməkdən yayınıb.
“Bilmirəm. Bu sualı Bibiyə (Benyamin Netanyahu – red.) verin”, - ABŞ prezidenti deyib.