
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında məlumat dərc olunub.
“ABŞ-nin Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insan ölümü və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk”, - məlumatda deyilir.
Qeyd edək ki, Texasda güclü yağışlar iyulun 4-nə keçən gecə Qvadalupe çayının məcrasından çıxmasına və daşmasına səbəb olub. Məlumata görə, suyun səviyyəsi cəmi 45 dəqiqə ərzində 8 metr yüksəlib.
Daşqınlar nəticəsində 15-i uşaq olmaqla 51 nəfər dünyasını dəyişib.
CNN-in məlumatına görə, onlarla insan itkin düşüb, lakin səlahiyyətlilər dəqiq rəqəm açıqlamayıb. İtkin düşənlər arasında çay sahilində yerləşən xristian yay düşərgəsi olan “Camp Mystic”dən olan 27 uşaq da var.