
İngiltərənin “Liverpul” klubu portuqaliyalı hücumçu Dieqo Jotanın xatirəsini əbədiləşdirmək üçün 20 nömrəli formanı təqaüdə çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub rəsmi saytında məlumat yayıb.
Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən portuqaliyalı futbolçu “Liverpul”da 20 nömrəli forma ilə çıxış edib.
“20 nömrəli forma 2024/25 mövsümündə "Liverpul"un çempionluğuna verdiyi töhfəyə görə haqlı olaraq Dieqo Jotaya veriləcək”, - klub yaydığı məlumatda bildirib.
Qəza iyulun 3-də İspaniyanın qərbindəki Samora əyalətində baş verib. 28 yaşlı Dieqo ilə birlikdə Portuqaliyanın “Penafiel” klubunda çıxış edən 26 yaşlı qardaşı Andre də dünyasını dəyişib. Hər iki futbolçu avtomobildə yanaraq ölüb.
Qeyd edək ki, ötən mövsüm Jota “Liverpul”la İngiltərə Premyer Liqasının qalibi olub. O, Premyer Liqada 26 oyun keçirib, 6 qol vurub. Ümumilikdə, 2020-ci ildən “Liverpul”da çıxış edən futbolçu komandanın heyətində 182 oyun keçirib, 65 qola imza atıb.
2025-ci ildə Jota həmçinin Portuqaliya millisi ilə Millətlər Liqasının qalibi olub. O, 2019-cu ildə də komandası ilə eyni turnirin qalibi olub.