Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi


Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi istiqamətində səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfərin Azərbaycana ekstradisiyası həyata keçirilib.
“Bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluq edərək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi) zərərçəkmiş şəxsə məxsus 120 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Təhməzov Elçin Bayram oğlunun yeri Bosniya və Herseqovinada müəyyən olunaraq həbs edilib. Bu cinayət işi üzrə digər təqsirləndirilən şəxslərdən biri – Ramil Məmmədov artıq 13 iyun 2025-ci il tarixində Bosniya və Herseqovinadan ölkəmizə gətirilərək istintaq orqanına təhvil verilib.
Müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə işçi danışıqlar aparılıb. Nəticədə həmin şəxslərin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Elçin Təhməzov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Sarayevo şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Penitensiar xidmətin müvafiq istintaq təcridxanasına yerləşdirilib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top