PKK-nın tərksilah prosesi 10 gün ərzində başlayacaq – KİV


Türkiyədə qadağan olunan və terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) 50 nəfərlik ilk qruplaşması 10 gün ərzində Şimali İraqın Dahuk şəhərində silahlarını yerə qoyacaq.
Yeniavaz.com
“Hürriyet” qəzetinə istinadla xəbər verir ki, daha əvvəl özünü buraxdığını elan edən təşkilatın tərksilah olması prosesi sentyabr ayına qədər başa çata bilər.
Nəşrin məlumatına görə, silahlılar tərəfindən silahların təhvil verilməsi Türkiyə, İraqın mərkəzi hakimiyyəti və İraq Kürdüstanı administrasiyasının nümayəndələrinin nəzarəti altında baş tutacaq.
“Hürriyet” yazır ki, tərksilah prosesi digər ölkələrin və BMT nümayəndələrinin iştirakı olmadan həyata keçiriləcək.
Qəzet qeyd edir ki, kürd yaraqlılarının bütün düşərgələri sonradan İraq hakimiyyətinin nəzarətinə keçəcək.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərin PKK-nın tərksilah edilməsinin mümkün müddəti ilə bağlı suallarını cavablandırarkən, bunun yaxın gələcəkdə baş verə biləcəyini bildirib.
“Konkret vaxt vermək istəmirəm. Ancaq biz elə bir mərhələyə çatmışıq ki, bu, yaxın günlərdə baş verəcək. Bu, Türkiyənin terrordan xilas olması baxımından son dərəcə əhəmiyyətli olacaq”, - siyasətçi qeyd edib.
Qeyd edək ki, “Sabah” qəzeti daha əvvəl yazmışdı ki, PKK-nın tərksilah prosesi 3-4 ay çəkə bilər. Həmçinin, qəzetin məlumatına görə, 3400 yaraqlının silahı yerə qoyacağı, onlardan 2000-ə yaxınının Türkiyəyə qayıdacağı gözlənilir. Təxminən 250 PKK rəhbərliyinin nümayəndəsi İraq və Suriyadan bir sıra Avropa ölkələrinə və Cənubi Afrikaya gedə bilər.
Xatırladaq ki, fevralın sonunda Türkiyədə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalan bütün partiyaya bağlı qrupları silahı yerə qoymağa və Ankara ilə münaqişəyə son qoymağa çağırıb. May ayında isə PKK qurultay keçirərək, özünü buraxmaq və respublika hakimiyyəti ilə 50 ilə yaxındır davam edən silahlı qarşıdurmaya son qoymaq qərarına gəlib.

DİGƏR XƏBƏRLƏR

Top