
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Suriyaya qarşı birtərəfli sanksiyalar rejimini ləğv edən sərəncamı imzalayıb.
Yeniavaz.com xəbər verir ki, sənədin mətnini Ağ Evin mətbuat xidməti açıqlayıb.
Lakin fərman Suriyanın əvvəlki lideri Bəşər Əsəd və onunla əlaqəli şəxslərə şamil edilmir.
Sənəddə göstərildiyi kimi, məhdudiyyətlər iyulun 1-dən etibarən ləğv ediləcək. Digər tərəfdən, ABŞ-nin dövlət katibi Marko Rubioya Dəməşqə qarşı sanksiyaların BMT çərçivəsində də ləğv olunmasını təmin etmək tapşırılıb.
Bundan əlavə, ABŞ Dövlət Departamentinin rəhbəri Suriyanın ABŞ-nin terroru himayə edən ölkələr siyahısından çıxarılması imkanlarını nəzərdən keçirəcək.
Rubio həmçinin “Həyat Təhrir əş-Şam” qruplaşmasının və onun lideri Əhməd əl-Şaraanın ABŞ-nin “qara siyahı”sından çıxarılmasının məqsədəuyğunluğunu araşdıracaq.
Eyni zamanda Tramp öz kabinetinə Suriyanın keçmiş hökumətində müharibə cinayətlərində, insan haqlarının pozulmasında və narkotik qaçaqmalçılığında təqsirli olan şəxsləri məsuliyyətə cəlb etmək üçün əlavə addımlar atmağı tapşırıb.
Sərəncam Əsəd hökumətinə müxtəlif növ dəstək verənlər də daxil olmaqla, cəzalandırmağa imkan verir.
Qeyd edək ki, mayın 14-də Tramp Ər-Riyadda Əl-Şaraa ilə danışıqlar aparıb. İki lider arasında 25 ildən sonra baş tutan ilk görüşdə Amerika lideri ölkəsinin Hafiz Əsəd və oğlu Bəşər Əsədin hakimiyyəti dövründə Dəməşqə qarşı on illərdir tətbiq edilən sanksiyaları ləğv edəcəyini bəyan edib.