
“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında DİN araşdırmalara başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 30-da filialın ofisində əməliyyat-axtarış tədbirləri keçirilib, saxlanılanlar var:
“Əməliyyatla bağlı əlavə məlumat veriləcək”.
***15:36
Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.
Yeniavaz.com xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN “Sputnik Azərbaycan”ın Bakıdakı ofisində əməliyyat keçirir.
Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan" agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.
Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.
Başqa sözlə, “Sputnik-Azərbaycan”ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq.
Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.