
ABŞ Prezidenti Donald Tramp faktiki olaraq İranda gizli nüvə obyektinin ola biləcəyini etiraf edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz bilirdik ki, İranın çoxlu nüvə obyekti var, ehtimal ki, üç əsas və bir əlavə” – Tramp qeyd edib.
Eyni zamanda, Amerika lideri Tehranın ABŞ-nin zərbələrindən əvvəl zənginləşdirilmiş uranı nüvə obyektlərindən çıxara bildiyinə inanmadığını bildirib.
“Əvvəla, bunu etmək çox çətindir. Bu, çox təhlükəlidir. Üstəlik, heç kəs Fordo obyektini vuracağımızı düşünmürdü. Çünki hamı onun keçilməz olduğunu deyirdi. Məncə, obyektdə adamlar var idi. Bu adamlar girişi betonlamağa çalışırdılar".
Qeyd edək ki, daha əvvəl CNN telekanlı və “The New York Times” qəzeti öz mənbələrinə istinadla xəbər vermişdilər ki, ABŞ kəşfiyyatı və bəzi İsrail rəsmiləri ABŞ-nin İrana zərbələrinin Tehranın nüvə proqramının əsas komponentlərini məhv etdiyinə inanmırlar və buna görə də, İranın hələ də kiçik, gizli uranı zənginləşdirmə obyektləri ola bilər.
Ağ Ev isə bu ehtimalların yanlış olduğunu bəyan edib.