Ermənistanın Baş naziri Nikol Paşinyanın “Facebook” sosial şəbəkəsindəki paylaşımı bloklanıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan “Facebook”da bütün ermənilərin katolikosu II Qaregin və digər ruhanilərlə bağlı nalayiq ifadələrin yer aldığı paylaşım edib, lakin sosial şəbəkə həmin yazını platformadan silərək bloklayıb.
Bildirilir ki, paylaşımda Paşinyan II Qareginin mətbuat katibinə cavab olaraq, sünnət olunmadığını sübut etməyə hazır olduğunu qeyd edib.
Qeyd olunur ki, Ermənistanda bir qrup din xadimi Paşinyanın sünnət olunduğunu və buna görə də əsl xristian olmadığını iddia ediblər. Paşinyan isə cavab olaraq bildirib ki, Ermənistanda belə dini adət yoxdur və o, hər kəsə bunu sübut etməyə hazırdır.
Paşinyan həmçinin II Qaregini subaylıq andını pozmaqda ittiham edərək onun övladının olduğunu iddia edib. Kilsə isə cavab bəyanatında baş naziri ölkənin “mənəvi birliyini” pozmaqda günahlandırıb, lakin uşağa dair ittihama münasibət bildirməyib.
Bundan başqa, tanınmış kilsə xadimi Baqrat Qalstanyan və daha 13 nəfər çevrilişə cəhd ittihamı ilə həbs edilib. Ermənistan İstintaq Komitəsi bildirib ki, qrup silah və sursat əldə edib və hakimiyyəti zorla ələ keçirməyi planlaşdırıb. Qalstanyanın vəkili bu ittihamları “uydurma” adlandırıb.
Paşinyan “Telegram” hesabında yazıb ki, hakimiyyət “kriminal-oliqarx ruhanilərin” ölkədə çevriliş cəhdinin qarşısını alıb.