May ayında dollar və rubl alışı kəskin artıb


Bu ilin may ayında Azərbaycanda dollar və rubl alışı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin mayında valyuta əməliyyatları zamanı 186 milyon 132,2 min dollar satın alınıb.
Qeyd edək ki, ötən ilin mayında bu rəqəm 156 milyon 182 min dollar olub. Dollar alışı 30 milyon dollardan çox artıb. Satış isə əksinə, azalıb – bu ilin may ayında 123 milyon 142,5 min dollar satılıb. Halbuki keçən il bu rəqəm 154 milyon 91,5 min dollar olub. Satışda 31 milyon dollara yaxın azalma var.
Avro üzrə rəqəmlər daha sabit olub. Bu ilin mayında 11 milyon 906,4 min avro alınıb. Ötən ilin mayında bu rəqəm 10 milyon 933,2 min avro olub. Yəni cəmi 1 milyon avroya yaxın artım var. Amma satışda ciddi azalma müşahidə olunur. Bu ilin may ayında cəmi 10 milyon 838,8 min avro satılıb, ötən il isə bu rəqəm 16 milyon 838,9 min avro olub. Yəni təxminən 6 milyon avro az satılıb.
Ötən ay 495,3 min funt sterlinq alınıb. Ötən ilin may ayında bu rəqəm 773,5 min funt sterlinq olub. Ötən ilin eyni dövrü ilə müqayisədə funt sterlinqin alışı 278 min vahid azalıb. Satış isə bir qədər az fərqlə dəyişib. Bu ilin may ayında 1 milyon 328,4 min funt sterlinq satılıb. Keçən ilin may ayında isə satış 1 milyon 455,7 min funt sterlinq təşkil edib. Satışda da 127 min funt sterlinq azalma olub.
Bu ilin mayında 970 milyon 760,1 min rubl alınıb. Keçən il bu göstərici 298 milyon 430,6 min rubl olub. Yəni rubl alışı üç dəfədən çox artıb. Satış isə əksinə, azalıb – bu il 160 milyon 27,2 min rubl satılıb. Ötən ilin may ayında isə satış 230 milyon 195,8 min rubl olub. Bu da 70 milyon rubldan çox azalma deməkdir.
Ümumilikdə, bu ilin may ayında dollar və rubl alışında ciddi artım, avro və funt sterlinq üzrə satışda isə azalma müşahidə olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top