İran nüvə obyektlərində bərpa işlərinə başlayıb? – Peyk görüntüləri


Ötən həftə ABŞ-nin B-2 bombardmançıları ilə zərbə endirdiyi İranın nüvə obyektlərində genişmiqyaslı yenidənqurma işləri başlayıb.
Yeniavaz.com
xəbər verir ki, beynəlxalq peyk görüntüləri Fordo, Natanz və İsfahan kimi strateji əhəmiyyətli yerlərdə tunel girişləri və zədələnən infrastruktur ətrafında texnikanın işlədiyini göstərir.
ABŞ-nin hərbi mənbələri bu fəaliyyətlərin obyektin tamamilə bərpa olunması məqsədini daşıya biləcəyini bildirir.
İsrail isə bu vəziyyəti diqqətlə izləyir. Rəsmi Tel-Əviv bəyan edib ki, İran zənginləşdirilmiş uran ehtiyatını qorumağa davam edərsə və obyektlərdə bərpa işləri sürətlənərsə, yeni hərbi müdaxilə qaçılmaz ola bilər. İsrail hökuməti bildirib ki, Fordo tunelində hələ də yüzlərlə kilo zənginləşdirilmiş uran qala bilər və bu, potensial nüvə bombası üçün istifadə oluna bilər.
ABŞ Prezidenti Donald Tramp son hücumların İranın nüvə proqramına "bərpaolunmaz zərbə" vurduğunu desə də, Pentaqon ziyanın tam dərəcəsinin hələ də müəyyənləşdirilmədiyini açıqlayıb. General Den Keyn mətbuat konfransında bildirib ki, hücumlar zamanı ilk dəfə döyüş şəraitində MOP (Massive Ordnance Penetrator) bombalarından istifadə olunub.
Hazırkı vəziyyət beynəlxalq ictimaiyyət üçün yeni təhlükə siqnalı kimi qiymətləndirilir. ABŞ və İsrailin yaxın həftələrdə rəsmi mövqe ortaya qoyması gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top