Tarixdə ilk dəfə Nyu-Yorkun meri müsəlman ola bilər


ABŞ Demokratlar Partiyasının üzvü və Nyu-York Ştat Assambleyasının millət vəkili Zohran Mamdani 2025-ci ildə keçiriləcək Nyu-York meri seçkilərində iştirak edərək şəhər tarixində mer postuna namizəd olan ilk müsəlman kimi tarixə düşə bilər. 
Yeniavaz.com
xəbər verir ki, Demokratlar Partiyasının daxilində keçirilən seçkilərin ilkin nəticələrinə əsasən, Zohran Mamdani 43% səslə liderdir.
Onun əsas rəqibi, 2021-ci ildə vəzifəsindən istefa verən keçmiş Nyu-York qubernatoru Endryu Kuomo 36% səslə geridə qalır. Sıralı seçim sisteminə əsaslanan bu seçkilərdə yekun nəticə hələ tam bəlli olmasa da, Mamdaninin üstünlüyü və cəmiyyət tərəfindən gördüyü geniş dəstək onun Nyu-York meri vəzifəsinə namizəd olmaq şanslarını artırır.
Məlumat üçün bildirək ki, Zohran Mamdani 18 oktyabr 1991-ci ildə Uqandanın Kampala şəhərində anadan olub. Onun ailəsi elm və incəsənət mühitində tanınan şəxslərdir. Atası – Mahmud Mamdani, Hindistan və Uqanda mənşəli tanınmış alim və yazıçıdır. Kolumbiya Universitetində professor kimi fəaliyyət göstərir. Mahmud Mamdani kolonializm və postkolonial tədqiqatlar sahəsində beynəlxalq səviyyədə nüfuzlu mütəxəssisdir. O, həmçinin "Daha yaxşı bilmək hüququ" və "Oblivion və Demokratiya" kimi tanınmış əsərlərin müəllifidir.
Zohranın anası isə məşhur hind əsilli amerikalı rejissor Mira Nairdir. O, "Salam Bombay!", "Monsoon Wedding", "The Namesake" və "Queen of Katwe" kimi filmlərlə tanınır. Mira Nair Hindistan və Afrika mədəniyyətlərini, qadın haqlarını və diaspor təcrübələrini öz filmlərində əks etdirən sənətkar kimi tanınır.
Zohranın ikinci adı "Kvame"dir. Bu ad ona atası tərəfindən Qananın ilk prezidenti və Afrika azadlıq hərəkatının simvolu olan Kvame Nkrumanın şərəfinə verilib. Bu onun ailəsinin ideoloji və siyasi düşüncələrinin bir göstəricisidir.

Zohran Mamdani beş yaşında olarkən ailəsi ilə birlikdə Cənubi Afrikanın Keyptaun şəhərinə köçüb. Orada Müqəddəs Corc Qrammatika Məktəbində təhsil alıb. Atası həmin dövrdə Keyptaun Universitetində dərs deyib. Yeddi yaşında ailəsi ABŞ-yə köçərək Nyu-York şəhərinə yerləşib. Burada Zohran Bank Street Uşaq Məktəbində və daha sonra Bronx Elm Liseyində oxuyub.
Ali təhsilini Bovdoin Kollecində alan Mamdani burada Afrikaşünaslıq üzrə ixtisaslaşıb və 2014-cü ildə bakalavr dərəcəsi ilə məzun olub. Universitet illərində o, sosial ədalət və insan haqları mövzularında fəallıq göstərib, “Fələstində Ədalət Uğrunda Tələbələr” təşkilatının həmtəsisçilərindən biri olub.

Siyasətə 2015-ci ildə Nyu-York Şəhər Şurasının seçkiləri zamanı könüllü olaraq qoşulan Zohran Mamdani, sonradan Demokratik Sosialistlər Hərəkatının üzvü olub. O, bir sıra mütərəqqi namizədlərin kampaniyalarında çalışıb. 2020-ci ildə Nyu-York Ştat Assambleyasına keçirilən seçkilərdə iştirak edərək qalib gəlib və Queens bölgəsindəki 36-cı dairəni təmsil etməyə başlayıb.
O, 2025-ci ilə qədər 20 qanun layihəsinin əsas müəllifi, 238 qanun layihəsinin isə həmmüəllifi olub.

Zohran Mamdaninin mer postuna namizədlik proqramı sosial ədalət prinsiplərinə əsaslanır. Onun əsas vədləri bunlardır:
Nyu-Yorkda şəhər avtobuslarının tamamilə pulsuz edilməsi;
Hər rayonda bir icma tərəfindən idarə olunan ərzaq mağazalarının yaradılması;
Universal məktəbəqədər təhsil proqramının tətbiqi;
Şəhərin varlı təbəqələrinə vergilərin artırılması və bu vəsaitin ictimai xidmətlərə yönəldilməsi.
O, polis sisteminə və cinayətkarlığa qarşı daha çox sosial yönümlü və preventiv yanaşmalar təklif edir. Mamdaninin fikrincə, ictimai təhlükəsizliyi yalnız polisə həvalə etmək səmərəsizdir və bunun yerinə təhsil, sosial xidmət və psixi sağlamlıq proqramları gücləndirilməlidir.
Zohran Mamdani siyasətlə yanaşı musiqiyə də maraq göstərir. O, bir müddət “Mr. Cardamom” adı ilə rep musiqisi ilə məşğul olub və Uqandada yazılan bir neçə mahnını ifa edib. 2016-cı ildə anası Mira Nairin “Queen of Katwe” filmi üçün də saundtrek ifa edib. Musiqi fəaliyyətindən 2024-cü il vergi bəyannaməsinə əsasən 1267 dollar gəlir əldə edib.
Zohran Mamdani 2018-ci ildə ABŞ vətəndaşı olub. O, şiə məzhəbinə mənsubdur və dini mənsubiyyətini açıq şəkildə ifadə edir. 2025-ci ildə Suriya əsilli rəssam Rama Duvaci ilə evlənib. Cütlük hazırda Nyu-York şəhərinin Queens bölgəsində, Astoriya məhəlləsində yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top