Gənclər arasında insult halları artır – Günahkar təkcə koronavirus deyil


Son illər bütün dünyada, xüsusilə də, 30-40 yaşlı gənclər arasında işemik insult hallarının artdığı müşahidə olunur.
Yeniavaz.com
məşhur “Forbes” nəşrinə istinadla xəbər verir ki, koronavirus pandemiyasından sonra bu diaqnoz daha da cavanlaşıb.
Mütəxəssislər bu vəziyyəti bir sıra faktorlarla izah edirlər: oturaq həyat tərzi, düzgün olmayan qidalanma, stress və genetik meyillilik.
Qeyd edilir ki, ABŞ-də aparılan bir araşdırmaya görə, 1993-cü ildə 20-44 yaş arası böyüklər arasında insult halları hər 100 000 nəfərə 17 hadisə təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 28-ə yüksəlib. Bu artım, xüsusilə gənc yaşlı əhali arasında insult hallarının sürətlə çoxaldığını göstərir.
İnsult – beyinin bəzi hissələrinə qan axınının dayanması və ya azalması nəticəsində sinir hüceyrələrinin ölümü ilə müşayiət olunan kəskin serebrovaskulyar qəza (ACVA) sayılır. Bu xəstəlik iki əsas formada baş verir. Hemorragik insult zamanı beyində qan damarları partlayır və qan sızması baş verir. İşemik insult isə daha geniş yayılan formadır. Bu zaman damarların xolesterol lövhələri və ya tromb ilə tutulması nəticəsində beyinə qan axını kəsilir.
Ənənəvi risk faktorları arasında yüksək qan təzyiqi, piylənmə, şəkərli diabet, siqaret çəkmə və ürək xəstəlikləri yer alır. Mütəxəssislər bu səbəblərə daha bir neçəsini də əlavə edir: COVID-19 infeksiyasının qan damarlarına təsiri, stimullaşdırıcı maddələrin istifadəsi (energetik içkilər və s.) və genetik pozğunluqlar.
İrsi qan laxtalanma pozğunluqları, kontraseptivlərin nəzarətsiz istifadəsi, aura ilə müşahidə olunan miqrenlər və infeksiyalarla əlaqəli iltihablar insult riskini artıran əsas amillərdəndir. Pandemiya dövründə COVID-19-un qan damarlarının daxili səthinə mənfi təsiri və qan laxtalarının yaranması halları da artıb. Mütəxəssislər, xüsusilə COVID-19-dan sonra aritmiya və atrial fibrilasiya hallarının insultla nəticələnə biləcəyini qeyd edirlər.
Energetik içkilərin istifadəsi, xüsusilə ürək-damar problemləri olan şəxslər üçün təhlükə yaradır. Gənclərin əksəriyyəti hipertoniya və aritmiyadan xəbərsiz olduqları üçün riskləri qiymətləndirmirlər. Statistika göstərir ki, elektron siqaret istifadəçilərinin dü sayı getdikcə artır.
Həkimlərin fikrincə, insultun qarşısının alınmasının əsas yolu sağlam həyat tərzidir. Bunun üçün düzgün qidalanma, müntəzəm fiziki aktivlik, stressdən uzaq durmaq və profilaktik tibbi müayinələr vacibdir. Mütəxəssislər 30 yaşdan sonra mütəmadi olaraq dispanser müşahidəsinə yazılmağı və ildə bir dəfə qan təzyiqi, xolesterin və şəkər səviyyəsinin yoxlanılmasını tövsiyə edirlər.
Üzün əyilməsi, nitq pozuntusu, əllərdə və ya ayaqlarda uyuşma, kəskin başgicəllənmə və görmə problemləri olduqda dərhal təcili yardım çağırmaq lazımdır. Müasir müalicə metodları — tromboliz və tromboekstraksiya yalnız ilk 4,5 saat ərzində effektivdir.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top