
Rusiya Prezidenti Vladimir Putin İrana endirilən zərbələri heç bir əsası olmayan təcavüz adlandırıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə Kremldə İran xarici işlər naziri Abbas Araqçi ilə görüşündə deyib.
“Bu, İrana qarşı təcavüzdür, bunun heç bir əsası yoxdur”, - Rusiya dövlət başçısı qeyd edib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə ölkələr yenidən hücumlar həyata keçiriblər. Hər iki tərəf bu hücumlar nəticəsində tələfat və itkilər barədə məlumat verib və bir sıra hədəflərin vurulduğunu etiraf edib. Hazırda qarşılıqlı zərbələr davam edir.
Qeyd edək ki, ötən gecə ABŞ silahlı qüvvələri İranın əsas nüvə infrastrukturlarına koordinasiyalı hücum həyata keçirib. Əməliyyat çərçivəsində Fordo şəhərində yerin dərinliklərində yerləşən nüvə obyektinə altı ədəd GBU-57 tipli bunker əleyhinə bomba atılıb. Bu bombalar yalnız B-2 Spirit bombardmançı təyyarələri ilə daşına bilir və hər birinin çəkisi 13 tondan artıqdır. Hər B-2 təyyarəsi iki belə bombanı daşımaq gücünə malikdir.
Bundan başqa, İranın İsfahan və Natanz şəhərlərində yerləşən digər iki nüvə obyektinə qarşı həyata keçirilən hücumlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin Ohayo sinifli sualtı qayıqlarından buraxılmış 30-a yaxın “Tomahawk” qanadlı raketindən istifadə olunub.