
İsrailin hava hücumlarına qarşı bunkerdə gizlənən İranın ali dini lideri Ayətullah Əli Xamenei vəfat edəcəyi təqdirdə onun səlahiyyətlərini icra etməsi üçün üç yüksək səviyyəli ruhani seçib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
86 yaşlı Xamenei ölkənin ali liderini seçən İranın Ekspertlər Məclisinə vəfat edəcəyi təqdirdə irəli sürdüyü üç namizəd arasından tezliklə varis seçməyi tapşırıb.
Adi halda yeni ali dini liderin təyin edilməsi prosesi aylar çəkə bilər, baxmayaraq ki, İran mənbələri NYT-yə ölkədəki müharibə ilə əlaqədar prosesin sürətləndirilə biləcəyini bildiriblər.
Xamenei potensial varislərindən əlavə, köməkçilərinin ölümü halında hərbi komandanlıq zəncirini saxlamaq üçün bir neçə namizəd seçib.
Nəşr yazır ki, İranın ali ruhani lideri öz komandanları ilə əsasən etibarlı köməkçisi vasitəsilə əlaqə saxlayır və onun izinə düşməyi çətinləşdirmək üçün elektron cihazlardan istifadə etmir.
Digər tərəfdən, Britaniyanın “The Daily Telegraph” qəzeti adı açıqlanmayan İran mənbələrinə istinadla xəbər verir ki, İranın ali dini lideri Əli Xamenei çox məxfi elit bölmənin mühafizəsi altında yüksək mühafizə olunan obyektə köçürülüb.
İran liderinin müdafiəsi ilə bağlı digər təfərrüatlar məlum deyil.
Qeyd edək ki, ayətullah ölkədə bütün hakimiyyətin - məhkəmə, qanunvericilik və icra hakimiyyətinin, eləcə də İran silahlı qüvvələrinin rəhbərliyini özündə cəmləşdirir.