
Kim nə deyir-desin, yol dediyin həm vüsaldır, həm ayrılıq. Burada birindən ayrılıb, orada birinə qovuşursan. Qısa yollar olduğu kimi, uzun yollar da var.
Bir məsələ də yolda qurulan tanışlıqlar, qazanılan dostluqlardır. Bilmirsən ki, yanında kim oturacaq, ancaq kim olur-olsun mənzil başına qədər yanında olacaq. Bu sənin seçimin deyil, sənə taleyin seçimidir. Xəstə, ixtiyar birisi də çıxa bilər, tanış olmaq üçün fürsət axtardığın birisi də.
Kim bilir, bəlkə taleyin ən gözəl seçimi gedəcəyin şəhərdə deyil, bu səfər boyunca sənin yanındadır, ya bir sıra irəlidə, ya da bir sıra arxada.
Yol dediyin bir növ elə dünya kimidir, başlanğıcı var, sonu var. Bir mənzildən çıxıb gedəcəyin ünvana çatmağı, mənzilə çatmamış yarı yolda qalmağı var. Və ən əsası ünsüyyəti, səmimiyyəti var.
Dünyanın yol adlı bu parçasında hər kəs özünü yaşayır, öz xarakterini göstərir. Adam var ayrılandan sonra xatırlamaq belə istəmirsən, adam da var “Niyə ünvanını, telefon nömrəsini almadım?” deyə heyifsilənirsən.
Yol dediyin həm də fürsətdir, yaxşılıq, yamanlıq fürsəti.
Yolçu var ürəyini ayrıldığı yerdə qoyub gedir, yolçu var ürəyi özündən əvvəl gedəcəyi ünvana çatır.
Sonuncular bir anlıq səbiri, təmkini unudurlar. İstəmirlər ki, onların gəlişi-gedişi kimlərinsə ümidinə qalsın. İstəmirlər ki, yolunu gözləyənlərin, təşvişi, həyəcanı uzandıqca uzansın. Əslində, haqsız da sayılmazlar. Ancaq yenə də yolun ən böyük məziyyəti səbirli, təmkinli olmaqdır. Ən əsası da yolçu olduğunu unutmamaqdır. Əks halda, yol qısa da olsa, uzun da olsa, bitməyəcək. Və həyatın bitməyən bir yol olacaq. Yəqin ki, düşünməyə dəyər…
Murad Məmmədov