
İran nüvə proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) nümayəndəsi Bəhruz Kamalvəndi ABŞ-nin gecə ərzində respublikanın nüvə obyektlərinə endirdiyi zərbələri şərh edərkən deyib.
“Keçmişdə əlimizdə olan imkan və potensiala görə zədələri dərhal aradan qaldırdığımız hallar olub. Təbii ki, bu sənaye inkişaf etməyə davam etməlidir və onun inkişafı dayanmayacaq”, - “Tasnim” xəbər agentliyi Kamalvəndinin sözlərindən sitat gətirib.
Qeyd edək ki, bu gecə ABŞ silahlı qüvvələri İranın əsas nüvə infrastrukturlarına koordinasiyalı hücum həyata keçirib. Əməliyyat çərçivəsində Fordo şəhərində yerin dərinliklərində yerləşən nüvə obyektinə altı ədəd GBU-57 tipli bunker əleyhinə bomba atılıb. Bu bombalar yalnız B-2 Spirit bombardmançı təyyarələri ilə daşına bilir və hər birinin çəkisi 13 tondan artıqdır. Hər B-2 təyyarəsi iki belə bombanı daşımaq gücünə malikdir.
Bundan başqa, İranın İsfahan və Natanz şəhərlərində yerləşən digər iki nüvə obyektinə qarşı həyata keçirilən hücumlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin Ohayo sinifli sualtı qayıqlarından buraxılmış 30-a yaxın “Tomahawk” qanadlı raketindən istifadə olunub.