
İran Məclisi (birpalatalı parlament – red.) ABŞ-nin respublikadakı nüvə obyektlərinə zərbələr endirməsindən sonra Hörmüz boğazının bağlanmasını zəruri hesab edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü İsmail Kosari Press TV-yə danışıb.
“Parlament belə qənaətə gəlib ki, Hörmüz boğazı bağlanmalıdır, lakin bu məsələ ilə bağlı yekun qərarı Ali Milli Təhlükəsizlik Şurası verir”, - telekanal onun sözlərindən sitat gətirib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə “NBC News” telekanalına müsahibəsində deyib ki, Hörmüz boğazının potensial bağlanması İran iqtisadiyyatı üçün intihara səbəb olar.
“Düşünürəm ki, bu, iranlıların özləri üçün intihar olardı. Yəni, onların bütün iqtisadiyyatı Hörmüz boğazından keçir. Əgər onlar öz iqtisadiyyatlarını məhv etmək və dünyada tənəzzülə səbəb olmaq istəyirlərsə, məncə, bu, onların qərarı olacaq. Amma niyə belə etsinlər? Məncə, bunun heç bir mənası yoxdur. Bunun nə onlar üçün, nə də başqaları üçün məntiqli olduğunu düşünmürəm”, - Vens bildirib.
Qeyd edək ki, bu gecə ABŞ silahlı qüvvələri İranın əsas nüvə infrastrukturlarına koordinasiyalı hücum həyata keçirib. Əməliyyat çərçivəsində Fordo şəhərində yerin dərinliklərində yerləşən nüvə obyektinə altı ədəd GBU-57 tipli bunker əleyhinə bomba atılıb. Bu bombalar yalnız B-2 Spirit bombardmançı təyyarələri ilə daşına bilir və hər birinin çəkisi 13 tondan artıqdır. Hər B-2 təyyarəsi iki belə bombanı daşımaq gücünə malikdir.
Bundan başqa, İranın İsfahan və Natanz şəhərlərində yerləşən digər iki nüvə obyektinə qarşı həyata keçirilən hücumlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin Ohayo sinifli sualtı qayıqlarından buraxılmış 30-a yaxın “Tomahawk” qanadlı raketindən istifadə olunub.