
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra regionda radiasiya təhlükəsi ilə bağlı açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, agentliyin bu gün verdiyi bəyanata görə, Fordo, Natanz və İsfahan nüvə obyektlərinə hücumlardan sonra ətraf mühitdə radiasiya səviyyəsinin artması müşahidə edilməyib.
“İrandakı üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana edilən hücumlardan sonra MAQATE təsdiq edə bilər ki, bu günə qədər həmin obyektlərdən kənarda radiasiya səviyyəsinin artması ilə bağlı heç bir məlumat yoxdur”, – deyə qurumun “X” (keçmiş Twitter) sosial şəbəkəsində yaydığı açıqlamada bildirilir.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ Hərbi Hava Qüvvələri İranın üç əsas nüvə obyektinə uğurla hücum həyata keçirib.
Hazırda beynəlxalq ictimaiyyət vəziyyəti diqqətlə izləyir. MAQATE-nin açıqlaması radiasiya təhlükəsi ilə bağlı qlobal narahatlığın azalmasına səbəb olub.