
İngiltərə Premyer Liqasının rəhbərliyi “Mançester Siti” futbol klubunu matçların gecikdirilməsinə görə cərimələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat turnirin rəsmi saytında yer alıb.
Məlumata görə, “Mançester Siti” 2024/25 mövsümündə İngiltərə Premyer Liqasında doqquz belə qayda pozuntusuna yol verib.
Klub matçın başlaması və davam etdirilməsi öhdəliyi ilə bağlı qaydaları pozduğunu etiraf edib.
Hər bir sonrakı pozuntu cərimənin artmasına səbəb olub. Beləliklə, ilk gecikməyə görə klub 40 min funt sterlinq ödəsə də, doqquzuncu üçün - artıq 190 min funt-sterlinq ödəyib.
“The Sun” qəzetinin məlumatına görə, ümumilikdə klub 800 min funt-sterlinq cərimə olunub ki, bu da bir milyon dollardan bir qədər çoxdur.
Qeyd edək ki, “Mançester Siti” başa çatan mövsümdə Premyer Liqada bürünc medal qazanıb. 38 turda Xosep Qvardiolanın rəhbərlik etdiyi komanda 71 xal toplayıb və ölkə çempionu olan "Liverpul"dan 13 xal geri qalıb. Klub bu mövsüm heç bir kubok qazana bilməyib.