
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə iyunun 1-də keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Yeniavaz.com xəbər verir ki, Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Hüseynli Arif IV qrup üzrə maksimal nəticə göstərib və 400 bal toplayıb.
11 saylı məktəbin direktoru Yasin Cavadov deyir ki, Arif çox çalışqan, tərbiyəli şagird olub və ondan bu nəticəni gözləyiblər:
“Bu, hələ Arif üçün başlanğıcdır. Daha böyük uğurlar qarşıdadır. Arifə gələcək həyatında da uğurlar arzulayırıq”.

Arif Hüseynli deyir ki, 400 bal toplamaq o qədər də asan olmayıb, bunun üçün yuxusuz gecələr keçirib. O, gələcəkdə həkim olmaq istədiyini bildirib:
“Gələcək planımda yaxşı həkim olmaq var. Həkimlikdə müəyyən qədər boşluqlar var, elm hələ tamamlanmayıb. Mən burada müəyyən nailiyyətlər və kəşflər etmək istəyirəm”.

Arif Hüseynlinin məktəb illərində müxtəlif fənn olimpiadalarında, idam sahəsində uğurlu nəticələri olub, diplom və sertifikatlarla qiymətləndirilib.
Esmira Hidayətova, Mingəçevir