Tarixə çevrilən tarixçi


1927-ci ilin noyabrı... Zəngəzurun sıldırım dağlarının qoynu dumanla dolu idi. Sərin hava dağ çaylarının axınına qarışmışdı. Sakit, amma öz dilində danışan bir təbiət vardı o gün. Qərbi Azərbaycanın qədim ənənələrə sahib azərbaycanlı kəndlərindən biri – Əmrəkar bu sakitliyin içində oyanmışdı.
O gün Süleyman kişinin evində bir uşaq doğuldu. Ailə kəndin tanınan, hörmətli ailələrindən idi. Süleyman kişi sadə adam idi – torpağı tanıyan, sözü ölçülü-biçili deyən, kənd ağsaqqalı kimi davranan, lakin bunu özünü göstərmədən edən adamlardan. Qara saçlı, iri gözlü o körpəyə İsrafil adını verdilər.
Bəlkə də bilmirdilər ki, bu uşaq bir gün bütün bir xalqın yaddaşını daşıyacaq. Bəlkə də bilirdilər. Ona görə laylaları dərin oxuyurdular.
İsrafil orta məktəbi bitirəndə cəmi 16 yaşı vardı. Amma artıq bir kənd müəllimi kimi taxtaya çıxıb özündən yaşca böyük şagirdlərə dərs deyirdi. Kənddə hamı onu sevirdi – həm ciddiliyi, həm səmimiyyəti üçün. Uşaq idi, amma gözündə yaşından böyük bir düşüncə vardı. O hələ bilmirdi ki, bu yaşdan başlayan öhdəlik onun taleyinə çevriləcək.
1940-cı illərin sonları idi. SSRİ-nin ən sərt dönəmlərindən biri. Ermənistanda azərbaycanlı olmaq sadəcə çətin deyil, həm də təhlükəli idi. Səssiz bir qorxu havası kəndlərə, qəsəbələrə, məktəblərə qədər sirayət etmişdi.
1947-ci ilin sonunda isə bu qorxunun adı artıq rəsmi sənədə çevrildi. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli, 4083 saylı qərarına əsasən, Ermənistan SSR-in azərbaycanlı əhalisi məcburi şəkildə Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməli idi.
Buna “könüllü miqrasiya” adı verildi, amma əslində bu, etnik təmizləmə idi. Azərbaycanlılar illərlə yaşadıqları yurd-yuvalarından, məzarlarının başından, bağlarının altından, su içdikləri bulaqdan zorla qoparıldılar.
Bu illərdə on minlərlə azərbaycanlı Zəngəzurdan, Göyçədən, Vedibasardan köçürüldü.
Amma İsrafil Məmmədov getmədi. O qalmağı seçdi – həm özü, həm də xalqının adı bu torpaqlarda itməsin deyə.

Meğri rayonunun komsomol komitəsində və yerli qəzetdə işləməyə başladı. Ətrafında köçkün karvanları gedirdi, qapılar bağlanırdı, tanış simalar yox olurdu. Amma o, sözə sığınıb mövcud olmağa çalışırdı. Sözlə düşünür, sözlə danışırdı. Sözlə mövcud idi.
Sanki daxilində bir ilahi əmr vardı: bu torpaqlarda Azərbaycan sözünü qorumaq.
1950-ci illərdə o, artıq Ermənistan radiosunun Azərbaycan dilindəki verilişlərini hazırlayırdı. Çünki onun üçün dil təkcə rabitə yox, vətənin nəfəsi idi.
1956-cı ildən “Sovet Ermənistanı” qəzetində çalışdı. Bu, ermənilərin içində azərbaycanlı sözünün hələ yaşadığı son tribuna idi. Orada redaktor müavini, sonra isə baş redaktor oldu. İrəvanda, minlərlə erməninin içində Azərbaycan xalqının söz haqqını daşıyırdı.
Onun qələmi, əslində, təkcə qəzet çıxarmırdı – bir millətin susdurulmuş səsini tirajlayırdı.
1972-ci ildə “Ermənistanda Azərbaycan mətbuatının tarixi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdi. Bu, yalnız bir elmi iş deyildi – bu, silinməyə çalışılan tarixin sənədlərlə dirilməsi idi.
1964-cü ildən İrəvan Dövlət Pedaqoji Universitetində dərs deyirdi. Bu da təkcə müəllimlik deyildi. Bu, azərbaycanlı bir alimin erməni auditoriyasına Azərbaycan haqqında həqiqətləri anlatması idi.
1988-ci ildən sonra İrəvan daha da qapandı. Azərbaycanlılar bir-bir şəhəri tərk edirdilər. Səslər çəkilir, pəncərələr bağlanırdı. Amma İsrafil Məmmədov hələ də evində idi.
Həmin evdə qəzet materialları yığılır, əllə yazılır, təkbaşına tərtib edilirdi. Mətbəələr qorxudan qəbul etmirdi. O isə deyirdi:
– Çap edilməsə də olar. Amma bu yazı yazılmalıdır.
1989-cu ildə gecənin birində evinə partlayıcı atdılar. Alovun səsi, şüşələrin şaqqıltısı, qorxmuş divarların titrəyişi... Amma İsrafil Məmmədov yenə sağ qaldı. Yenə yazdı. Yenə çıxmadı.
Çünki o ev onun üçün sadəcə yaşayış yox, vətənin bu şəhərdə qalan son bayrağı idi.
1990-cı ildə o da getdi. Bu çıxış onun üçün məğlubiyyət yox, sonuncu qoruyucunun məsuliyyətlə addımladığı bir çıxış idi. Tək çıxmışdı. Amma arxasında bir xalqın gözü, bir yurdun ruhu, bir sükutun yükləri vardı.
Bakıya gəldi. Amma İrəvanı unutmadı. Əksinə – İrəvanı özü ilə gətirdi.
Bakıya köçdükdən sonra da o, susmadı. Təkcə danışmadı, həm də yazdı, yazmaqla nəfəs aldı. Azərbaycan Teleradiosunda “Erməni redaksiyası”nın rəhbəri oldu. AMEA-nın Tarix İnstitutunda “Deportasiya və soyqırımı” şöbəsinə rəhbərlik etdi. Onun yazdığı hər sətir, dediyi hər cümlə unutmağa qarşı dirəniş idi.
Ölümündən bir neçə il əvvəl ssenari müəllifi olduğum sənədli filmin çəkilişi üçün İsrafil müəllimin evində oldum. Çəkiliş zamanı heç vaxt unutmayacağım bir söz dedi. Elə bir söz ki, o, təkcə yaddaşda yox, insanın içində iz salırdı:
– Əsl tarixçi təkcə tarix yazmamalı, həm də tarixi yaşamalıdır.
O bu sözü deyəndə gözlərində yüngül bir titrəmə vardı. Bu, həyəcan deyildi – daxildən gələn bir həqiqətin öz yerini tapmasının sarsıntısıydı.
Çünki o, sadəcə sənəd, fakt, arxiv adamı deyildi. O, hər gününə tarix yükü ilə girən, tarixlə nəfəs alan, tarixi yalnız kağız üzərində deyil, özü ilə birlikdə daşıyan bir insan idi.
Onun yazdığı dissertasiyalar – onun cəbhəsi idi. O, qəzetin baş redaktoru olanda sətirlərlə döyüşürdü. Evi partladıldıqda – o sükutun içində tarixi yaşamaq nə deməkdir, onu göstərirdi.
Alim kimi, ermənişünas kimi, tarixçi kimi tanındı. Amma əslində o, İrəvanın danışan yaddaşı idi.

İsrafil Məmmədov 2019-cu il iyunun 25-də Bakıdakı evində dünyasını dəyişdi. Əvvəlcə sükut gəldi. Sonra bir pıçıltı: O, bir tarix idi. O, bir nəfəs idi. O, bütün bir xalqın sağ qalma ehtimalı idi.
Onun adını eşidənlər bu gün müxtəlif titullarla tanıyır. Amma bilənlər üçün o, susmayan səsin adamı, yanmayan evin sahibi, dağılmayan yaddaşın qoruyucusu idi.
İrəvanı tərk edən son nəfəs idi İsrafil Məmmədov...




Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top