
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Tehranın ilk dəfə olaraq iki pilləli orta mənzilli “Səccil” ballistik raketini döyüşə buraxdığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İran İsrail ərazisinə üç analoji raket atıb.
SEPAH həmçinin əlavə edib ki, əvvəlki bir neçə əməliyyat zamanı İsrailin hava hücumundan müdafiə sistemini məhv etmək mümkün olub. Əvvəlki dövrlərdə olduğu kimi, raket hücumları məqsədyönlü və davamlı olacaq, SEPAH vurğulayıb.
Qeyd edək ki, “Səccil” iki pilləli ballistik raketdir və maksimum 2 min km məsafəni qət edir. İlk dəfə 2008-ci ildə sınaqdan keçirilib.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Sonrakı günlərdə ölkələr yenidən zərbələr endiriblər. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və yaralananların olduğunu bildirib və bir sıra hədəfləri vurduğunu etiraf edib. Qarşılıqlı hücumlar davam edir.