ABŞ Yaxın Şərqə daha bir təyyarədaşıyan gəmi göndərdi


ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Nimitz” nüvə təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu Cənubi Çin dənizindən Yaxın Şərqə yola düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Məlumata görə, zərbə qrupu Ərəb dənizinə doğru istiqamət götürüb.
Telekanalın məlumatına görə, ABŞ İsrailin İran hədəflərinə hücumlarından və İrandan davam edən cavab zərbələrindən sonra gəmilər də daxil olmaqla hərbi resurslarını Yaxın Şərqə köçürür.
Belə ki, “USS Carl Vinson” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu artıq bir müddət əvvəl Ərəb dənizinə çatıb.
ABŞ rəsmilərinin məlumatına görə, ABŞ hava hücumundan müdafiə sistemləri və Hərbi Dəniz Qüvvələrinin gəmiləri İrandan buraxılan ballistik raketləri vurmaq üçün İsrailə kömək edir.
Digər tərəfdən, ABŞ-nin Yaxın Şərqdə “Patriot” və “THAAD” raketdən müdafiə sistemləri də var. ABŞ rəsmiləri “Fox News”a bildiriblər ki, ABŞ Hərbi Dəniz Qüvvələri, həmçinin Aralıq dənizinin qərbindən Aralıq dənizinin şərqinə qədər ballistik raket daşıya bilən “Thomas Hadner” esminesini yerləşdirib.
Bundan əlavə, ABŞ qırıcıları şəxsi heyəti və hərbi obyektləri qorumaq üçün Yaxın Şərqdə səmada patrul uçuşlarə edir və bölgədəki hava bazaları əlavə ehtiyat tədbirləri görür.
Digər tərəfdən, ABŞ rəsmisi bildirib ki, hazırda Yaxın Şərqdə 40 minə yaxın Amerika əsgəri var.

DİGƏR XƏBƏRLƏR

Top