
Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə “RİA Novosti”yə məlumat verib.
Nazirlərin 15 iyun tarixində baş tutan telefon söhbətində əsas müzakirə mövzusu İsrail və İran arasındakı münaqişə və onun mümkün regional və qlobal nəticələri olub. Məlumata görə, tərəflər vəziyyətin gərginləşməsindən narahatlıqlarını ifadə ediblər.
Telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan vurğulayıb ki, baş verənlər ciddi narahatlıq doğurur və yalnız diplomatik yollarla bu münaqişəyə son qoymaq mümkündür. Nazir əlavə edib ki, həmçinin İranın nüvə fəaliyyəti ilə bağlı yaranmış gərginliyin də diplomatiya vasitəsilə həll olunması yeganə doğru yanaşmadır.
Tərəflərin görüşündə bölgədə sülhün və sabitliyin qorunmasının vacibliyi, qarşılıqlı dialoqun davam etdirilməsi və mümkün təşəbbüslərin müzakirəsi də gündəmdə olub.