
Bazar günü gecə saatlarında 50 İsrail qırıcısı İranın Tehrandakı nüvə layihəsi obyektlərinə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“50 döyüş təyyarəsi bütün gecə Tehran səmasında uçaraq İranın nüvə layihəsinin infrastruktur və obyektlərinə hücum edib. Hücum İran Müdafiə Nazirliyinin qərargahı, nüvə layihəsinin qərargahı və İran rejiminin nüvə arxivini gizlətdiyi digər obyektlər də daxil olmaqla 80-dən çox hədəfə təsir edib”, - deyə məlumatda bildirilir.
Mətbuat xidməti qeyd edib ki, İsrail ordusu üç gündən az müddətdə İranda 170-dən çox hədəfə və 720-dən çox hərbi infrastruktur obyektinə hücum edib:
“İsrail ordusu İranın nüvə təhlükəsinə qarşı hücumlarını artırmağa davam edir, infrastrukturu zədələyir və onu silah istehsalı üçün kritik imkanlardan və komponentlərdən məhrum edir”.