
Yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində deyilir.
Nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:
“Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.
Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Həmçinin, Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır”, - məlumatda deyilir.