
“Evliliyimizin ilk illərində çox xoşbəxt idik. Bir-birimizi çox gözəl başa düşürdük. Ancaq bir neçə ildir ki, əvvəlki xoşbəxtliyimizdən əsər-əlamət yoxdur. Sanki öz evimizdə qonaq kimiyik”...
“Həyat yoldaşımın işi çox olduğu üçün bir-birimizə vaxt ayıra bilmirik. Gecələr gec gəlir, səhər də tezdən durub işə gedir. Onunla oturub söhbət etmək üçün bəzən 2-3 həftə gözləməli oluram”…
“Evə gələndə həmişə eyni problemlərlə qarşılaşıram. Mən ondan qayğı gözləyirəm, o isə uşaqları üstümə göndərib, “Gedin bir az da atanızın başını ağrıdın”, - deyir”...
“Bütün günüm uşaqlara baxmaqla, yemək bişirməklə, paltar yumaqla keçir. Bəzən elə olur ki, özümü qəfəsdəki quş kimi hiss edirəm”…
“Həyat yoldaşımın diqqətini cəlb edə bilmirəm. Sanki onun üçün mən yoxam. Dostları ilə gəzməyə çıxır, gecələr evə gec gəlir. Ancaq mənimlə bir gün də olsun gəzməyə çıxmadı”.
“İstəyirəm ki, həyat yoldaşım da başqa qadınlar kimi özünə baxsın, başqa qadınlar kimi gözəl görünsün. Ancaq o mənim istəklərimə məhəl belə qoymur”…
Son vaxtlar belə şikayətləri çoxlarından eşitmək olar. Kimisi hisslərinin get-gedə itməsindən, kimisi isə ümumiyyətlə bu hisslərdən məhrum olmasından gileylənir. Elə isə itirdiyimiz bu hisslər nədir, ya da məhrum olduğumuz bu duyğular nədir?
Evlilik insan üçün məktəbdir. Ancaq evliliyi öz axarına buraxmaq da doğru deyil. Ailə həyatının uzunömürlülüyü o ailəni quran şəxslərdən asılıdır. Evliliyin ömrünü uzadan yollar çoxdur. Və bu yolların hamısını ümumilikdə bir çiçəyə bənzətmək olar. Bu çiçəyi sulamaq, ona qayğı göstərmək lazımdır. Əks halda, çox keçməz ki, o çiçək solar, məhv olar. Əgər bir ailədə şikayətlər artırsa, deməli, bu, o çiçəyə yaxşı qulluq etmədiyinizi göstərir.
Problemləri ört-basdır etməklə onları həll etmək olmaz. Bəzən kiçik problemləri ört-basdır etməklə onların daha da böyüməsinə şərait yaratmış olarsınız. Beləliklə, problemlər böyüyər və siz onu ancaq son həddə çatanda hiss edərsiniz. Onda da iş işdən keçmiş olar.
Əksər insanlar yaşadıqları boşluqlar içərisində itib-batırlar. Və bu boşluqdan çıxmaq üçün özlərini ora-bura vurmalı olurlar. Ancaq boşluqdan çıxmaq üçün həmişə yol var. Hətta bunun üçün sehrli çubuğa da ehtiyac yoxdur. Əslində bu sehr insanların öz içindədir. Bunun üçün həyat yoldaşınızı ilk illərdə olduğu kimi sevməli, ona ilk illərdə olduğu kimi dəyər verməlisiniz.
Ailəni qorumaq nə qədər çətin olsa da, mümkündür. Bunun üçün bir-birinizi yaxşı tanımalı, bir-birinizdə axtardığınızı tapmalı, bir-birinizə hörmət etməlisiniz. Çünki evlilik eyni dildə danışmaqdır.
Aygün Vəliyeva