Dəyişən nədir?


Bir anlığa başqa bir dünyadan bu dünyaya gəldiyimizi düşünək. Hər tərəfdə səssizlik olsun. Ətrafımızda heç kim olmasın. Biz heyrət içində nə edəcəyimizi düşünək.
Elə bu vaxt qarşımızda “yer yarılsın” və oradan bir fidan boy atsın. Sonra sürətlə böyüsün və ağac olsun. Onun kölgəsində dincələk… Sonra budaqlarında meyvələr bitsin. Ondan dərib yeyək…
Sonra yanımıza bir heyvan gəlsin. Məsələn, inək. Onu sağıb südünü içək. Sonra yanımıza başqa bir heyvan gəlsin. Məsələn, at. Ona minib gəzək...
Sizcə, bütün bunlardan sonra heyrətə gəlməyə bilərkmi? Sizcə, bütün bunlardan sonra qəlbimiz həyəcanla döyünməyə bilərmi? Bütün bunları kimin və nə üçün etdiyini düşünmərikmi? Bütün bunlara görə kimə və necə təşəkkür edəcəyimizi öyrənmək istəmərikmi?
İndi isə səhnəni dəyişək… Bu dəfə tək olmayaq. Ətrafımızda minlərlə, hətta yüz minlərlə insan olsun. Bu insanların da sayı artsın. Və nəhayət, bu günkü insanların sayına çatsın. Eyni şəkildə bizə xidmət edən bitki və heyvanların da sayı artsın. Və nəhayət, bu gün dünyada olan bitki və heyvanların sayına çatsın.
Sonra da qarşımıza belə bir sual qoyaq. Ya da öz-özümüzə belə bir sual verək: “Dəyişən nədir?” Əslində, heyrətimiz daha da artmalı deyilmi? Əslində, qəlbimiz daha həyəcanla döyünməli deyilmi? Yoxsa, bu səs-küylər, bu izdihamlar mane olur bizə? Yoxsa, bu ev-eşik dərdi, bu dolanışıq dərdi mane olur bizə?
Yəqin ki, düşünməyə dəyər…

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top