
2025-ci il iyunun 15-dən iyulun 13-dək ABŞ-də keçiriləcək Klublararası Dünya Çempionatı uğurlu alınsa, FİFA gələcək turnirlərdə iştirakçıların sayının artırılması ilə bağlı məsələyə baxacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, FİFA növbəti dəfə keçiriləcək Klublararası Dünya Çempionatında komandaların sayını 32-dən 48-ə çatdırmağı nəzərdən keçirəcək.
Hələlik, məsələ ilə bağlı ciddi müzakirələr aparılmayıb, ancaq 2025-ci il dünya çempionatından sonra turnirin formatı və strukturu ilə bağlı bütün maraqlı tərəflərlə danışıqlar aparılacaq.
Premyer Liqa klubları tərəfindən irəli sürülən digər mümkün dəyişiklik isə hər hansı bir ölkədən iştirak edən komandaların sayına məhdudiyyətin artırılmasıdır.
Qeyd edək ki, bir assosiasiya ikidən çox klubla təmsil oluna bilər, o halda ki, həmin ölkənin ikidən çox komandası dörd illik təsnifat dövrü ərzində qitə miqyaslı klub yarışlarının qalibi olsun.