“ARB Şimal”ın direktoru Məhsim Məhsimov​:“Ən çox istinad olunan media qurumuyuq”

Bu gün Azərbaycanın bölgədə ilk dəfə peşəkar standartlar tədbiq edən televiziyası – “ARB Şimal”ın 9 yaşı olur. Şimal olmasına rəğmən tamaşaçılarına həmişə qaynar xəbərlər çatdıran bu qurum Azərbaycan mediasında bir sıra müstəvilərdə yeniliklərə, “ilk”lərə imza atıb. Əlamətdar gündə televiziya ilə bağlı məqamalara yaxın olmaq üçün qurumun rəhbəri ilə görüşürük…
"Yeniavaz.az" A24.Az-a istinadən “ARB Şimal”ın direktoru Məhsim Məhsimovla müsahibəni təqdim edir.

Xoş gördük, Məhsim müəllim. Öncə sizi və kollektivinizi önəmli gün münasibətilə təbrik edirik. Uğurlarınızın davamlı olmasını diləyirik. Təbii ki, televiziyanın əsl qiymətini tamaşaçılar verir. Amma bu işin həm mətbəxinə, həm ekranına ən yaxın, ən məsul insan kimi 9 illik fəaliyyətinizi necə qiymətləndirirsiniz?

Xoş gördük. Təşəkür edirəm. Düşünürəm ki, 9 il bir televiziya üçün elə də böyük ömür deyil. Amma az da sayılmaz. Təvazökarlıqdan uzaq olsa da, nə xoş ki, bu 9 ili boşa verməmişik və 9 ildə biz bir region mediasının xəyal belə edə bilməyəcəyi uğurlara imza atmışıq. Bir sıra beynəlxalq və ölkə festivallarında uğur qazanmışıq. Bir sıra mükafatlara layiq görülmüşük. Yayım arealımızda ən çox izlənən kanallardan olmuşuq. Mən bu məqamı həmişə demişəm ki, ən böyük kapital insandır, bunu biz öz fəaliyyətimizə şamil etsək, deyə bilərik ki, bizim ən böyük uğurumuz qazandığımız və ölkə mediasına qazandırdığımız insanlardır. Və bu gün təkcə “ARB Şimal”da deyil, ARB-də deyil, ölkənin bir sıra televiziya və digər kütləvi informasiya vasitələrində şərəflə çalışan insanlar var ki, məhz televiziyaçılığı burada öyrəniblər. “ARB Şimal”da 10 cütlük çalışır ki, onlar məhz burada bir-birini görüblər, burada tanış olub, ailə qurublar. Bütün sadaladığım və sadalamadığım nüansları nəzərə alsaq görərik ki, bu 9 il hədər getməyib.

m3

Bölgədə televiziya kultu yaratmaq daha çox sizin televiziyanın üzərinə düşdü. Bu işi görmək çoxmu çətin oldu?

Çətin oldu demək çox da yerinə düşmür, amma asan olmadığı dəqiqdir. Həmişə demişəm, “ARB Şimal” ilk olaraq insanlarda bölgə təfəkkürünü dəyişməyə çalışdı. Və əminliklə deyə bilərəm ki, buna nail oldu. Bu özü də bir missiya idi. Yəni, hədəf təkcə televiziyaçılığı inkişaf etdirmək deyil, həm də əyalət üçün yeni olan bir sektorun fəaliyyətini yaratmaq və onu tənzimləmək, onunla uğur qazanmaq – həm də bu işi bölgədə formalaşan gəncliklə, buradan çıxan insanlarla həyata keçirmək idi. Eyni zamanda bu gəncliyə televiziyaçılığı, bu peşəni də elə həmin televiziya öyrətməli idi. Bu konsepsiya ilə işə başladıq. O üzdən deyərdim, asan da olmadı. Ən azından öhdəsindən gəlməyə çalışdıq. Nə dərəcədə bacardıq, bacarmadıq bunu tamaşaçılar deyə bilər.

Bir müddət əvvəl sizin də qatqınızla Qafqazın ən böyük teleşəbəkəsi yaradıldı. Bu teleşəbəkə çərçivəsində hansı layihələrə imza atdınız və növbəti mərhələdə bu birliyin potensialından necə istifadə etməyi planlayırsınız?

Bir neçə il öncə ARB şimalın və ölkənin müxtəlif ərazilərində fəaliyyət göztərən daha 5 televiziya birlikdə Region TV qurumunu təsis etdi. Və beləliklə də Qafqazın ən böyük media tərəfdaşlıq layihəsinin əsası qoyuldu.Bu il sentyabrın 19-da isə rebrendinq oldu, “ARB Media Qrup” adı altında fəaliyyətə başladıq. Qısa müddət ərzində ARB-nin efirindəki dəyişiklikləri hiss etməmək mümkün deyil. Bu gün artıq “ARB Şimal” öz tamaşaçı kütləsini toplayıb, toplamaqda davam edir. Müxtəlif sosioloji sorğuların nəticələri deməyə əsas verirki televiziya izlənmə sayına görə respublika yayımçıları sırasında ilk üçlükdədir. Qarşıda bir çox planlarımız var. Bir çox telelayihələrimizi tamaşaçılar böyük maraqla qarşılandı. “Ev gördü”, “Ac Elvis”,”Gəlin danışaq” ,”Günün ardınca” və digər bir sıra reytinqli layihələrə başlamışıq. İlk gündən bəlli oldu ki, bu istiqamət düzgün götürülüb, bu istiqamətdə də işimizi davam etdirəcəyik. Ümid edirəm ki, tezliklə ölkənin ən reytinqli, ən baxımlı telekanallarından biri olacayıq.

m2

Ekrandan görünən qədəriylə artıq bölgə tamaşaçı, bölgə televiziyası anlayışları aradan qalxıb. Bəs kulisə, kadrarxasında qalan məqamlara nəzər salsaq bölgədə fəaliyyət göstərməyin çətinlikləri varmı?
(Gülür…)
Çox sevdiyim türk yazarı Cemal Sürəyyanın bir fikri var:”Niyə yorğunsan sualına cavab axtarmaqdan və bunu soruşmasınlar deyə gülümsəməkdən yoruldum”. 9 ildə ən çox aldığım sualdır. Mən bunu dəfələrlə demişəm, bir daha deyirəm, əslində region və mərkəz anlayışı məncə bizdə daha qlobaldır. Müqayisə zamanı qonşu Türkiyə və Rusiyanın anoloji sferasını nəzərə almaq daha uyğun olar, onların hər ikisnində regionda fəaliyyət göstərən media qurumlarının xüsusilə elektron media, televiziyaların bəlli tamaşaçı auditoriyası, bəlli reklamvericiləri var. Məsələn yerli reklamverici hər hansı bir kampaniyaya başlayırsa, öncə reklamını yerli telekanala verir. Və həmin regionun tamaşaçısı da daha çox yerli kanala baxmağa üstünlük verir. Çünki, həmin qurum onun özünü göstərir, ona yaxın yerləri göstərir. İnsan üçün informasiya seçimində özünə daha yaxın coğrafi məkana aid xəbər daha maraqlıdır. Azərbaycanda bu ənənə də yox idi. “ARB Şimal” ilk yarananda məhz bu məqamları nəzərə alaraq region televiziyaçılığına yuxarıdan aşağı baxışa son qoymağı hədəfə aldı. Və məncə nail oldu.

m1

Bir sıra KİV-lər eyni zamanda məktəb olmaq fəaliyyətindən imtina edib, birbaşa təcrübəli kadr axtarır. ARB Şimalda işə qəbul hansı şərtlərlə aparılır?


Az öncə qeyd etdiyim kimi biz fəaliyyətə başlayanda qarşımıza qoydğumuz məqsədlərdən biri də məhz yerli potensialı işlə təmin etmək, onları yetişdirmək idi. Ona görə də biz müxtəlif müsabiqələr keçirirdik və bu müsabiqələrə 100-dən artıq iştirakçı qatılırdı. Təbii ki, bizim regionda ixtisaslı, eyni zamanda təcrübəli kadr axtarmaq məziyyətimiz yox idi. Ona görə də biz intellektinə, bacarığına, həvəsinə görə fərqlənən gəncləri müxtəlif sahələrdə peşə ilə tanış etməyə, onlara bu peşəni aşılamağa çalışdıq və hazırda bizim aramızda onlarla aparıcı, müxbir, operator, montajçı var ki, onlar məhz burda yetişib. Təbii ki, biz onların yetişməsində yenə də davamlı çalışırıq, televiziyaya mütəxəssislər dəvət edirik, master-klasslar təşkil olunur. Rafiq Həşimov, Nərgiz Cəlilova, müxtəlif peşəkar opreator, işıqçı və digər televiziyayönümlü ixtisas sahibləri qonağımız olur, onların sahəsində master-klasslar keçirilir. Bu yöndə qonşu Türkiyə, Rusiyadan da mütəxəssislər dəvət olunur. Eyni zamanda müxtəlif əməkdaşlarımızı xarici ölkələrə treninq və seminarlara yollayırıq. Nəyi eləmişiksə, onu standartlara uyğun həyata keçirməyə çalışmışıq. Təbiiki səhvlərimiz də olub.Ən əsası özfəaliyyətdən qaçmışıq. Televiziyanın dünyada qəbul olunmuş standartları var ki, işimizə o standartları tədbiq etməyə çalışmışıq.

Bu gün paytaxt hüdudlarında baş verən demək olar ki, əksər hadisələr və proseslər ARB-yə istinadla verilir. Bəs xəbərlərinizdən istinadsız istifadə edilən qeyri-peşəkarlıq halları ilə rastlaşırsınızmı?

m7
Bunu əminliklə deyə bilərəm ki, bu gün ARB Şimal ölkənin şimalında informasiya lideridir. Burada baş verən hadisələrdən ən əvvəl məlumat alan və operativ işıqlandıranbir qurumdur. Bəli, olur, bəzən görürürük xəbər bizə məxsusdur, bizim istehsalımızdır, amma istinadsız təqdim olunub, oğurlanıb. Bu da bizim peşəmizin mövcud bəlalarındadndır, sağalmaz yaralarındandır. Amma sağ olsun peşəkar qurumlar ki, bütün kriteriyalara uyğun davranırlar. Bu yöndən baxdıqda da bu gün ARB olaraq ən çox istinad olunan media qurumuyuq. Bu gün hər iki xəbərdən biri bizə istinad olunur. Bu baximdan ARB ölkə telekanalları içərisində liderdir. İnternetde gündəlik ümumi baxış sayımız 100-150 min arası dəyişir. Aylıq baxiş sayımız isə 4 milyondan artıqdır. Müsahib olaraq televiziyaya rəhbərlik etdiyiniz illərdə ən böyük fərdi uğurlarınızı da bilmək maraqlıdır. Əslində televiziyanın hər bir uğuruna öz uğurum qədər sevinirəm. Və bu fəaliyyətdə olduğum zaman qiymətləndirilməyimi də elə televiziyanın uğuru kimi qarşılayıram. Ən böyük uğurum kimi milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilənlər sırasında olmağımı deyə bilərəm. Televiziyada qazandığım insanları və “ARB Şimal” olaraq qazandığımız tamaşaçıları ən böyük uğurlarımdan sayıram.

Sizi və ARB ailəsini bir daha təbrik edirik. Sonda 10-cu ilinizdə olacaq yeniliklərinizlə bağlı anonslarınızı eşitmək xoş olar.

Təşəkkür edirəm. 2017-ci ilə bir çox layihələrimiz olacaq. İndi üçün yalnız onu deyə bilərəm ki, tamaşaçılarımız bizimlə davam etsinlər. Çox dəyərli, baxımlı layihələrimiz var, əminəm ki, çox məmnun qalacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top