Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul edilə bilər


Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi gələn həftə qəbul edilə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts bildirib.
“Biz Avropa İttifaqında növbəti sanksiyalar paketi üzərində işi sürətləndirəcəyik. Dünən Avropa Komissiyası 18-ci sanksiyalar paketi ilə bağlı təkliflər təqdim etdi. Hər şey plana uyğun getsə, gələn həftə qəbul olunacaq”, - Merts Berlində Danimarkanın baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında qeyd edib.
Almaniya kansleri həmçinin qeyd edib ki, Rusiya Atlantikanın hər iki tərəfində təhlükəsizliyə təhdid yaradır.
Daha əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirmişdi ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi “Şimal axını”ndan istifadənin qadağan edilməsi, bankların və tankerlərin qara siyahıya salınması, Aİ ölkələrinə Rusiya neftinin alınmasının qadağa olunması və neftin qiymətinin aşağı salınması cəhdini əhatə edəcək.
Bundan əlavə, fon der Lyayen və Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas sanksiyalardan yayınmaq üçün Rusiyanın tədbirlərinin effektivliyini müəyyən qədər azaltmağa çalışmaq məqsədilə təkcə Rusiyadan deyil, Belarusdan, Çindən və digər ölkələrdən olan 22 şirkət üçün yeni ixrac məhdudiyyətləri qoymağa söz veriblər.
Gözlənilənlərin əksinə olaraq, 18-ci sanksiya paketinin layihəsində Rusiyanın nüvə sənayesi və nüvə ixracına qarşı heç bir məhdudiyyət nəzərdə tutulmayıb.
İndi Aİ-nin bu təşəbbüsləri əvvəlcə səfirlər, sonra isə Aİ xarici işlər nazirliklərinin rəhbərləri tərəfindən təsdiqlənməlidir.  Avropa Komissiyası buna iyunun sonunda Aİ və NATO sammitləri ilə nail olacağına ümid edir. Fon der Lyayen həmçinin bildirib ki, AK öz sanksiyalarını ABŞ-nin mümkün yeni anti-Rusiya sanksiyaları ilə əlaqələndirməyə çalışır. O, ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaları haqqında son qanun layihəsinin müəllifi olan amerikalı senator Lindsi Qremlə (Cənubi Karolinadan olan respublikaçı) bu ​​mövzuda intensiv əlaqə saxladığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top