
Amerikalı milyarder və iş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampla bağlı yazdığı bir neçə yazıya görə təəssüfləndiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkə hesabında qeyd edib.
“Keçən həftə prezident Donald Tramp haqqında yazdığım bəzi yazılara görə təəssüflənirəm. Çünki onlar məqsədini aşmışdı”, - deyə Mask bildirib.
Bu şərh Maskın Ağ Evin iqtisadi siyasətini sərt şəkildə tənqid etməsi nəticəsində Mask və Tramp arasında bu yaxınlarda baş verən mübahisələr fonunda gəlib.
Belə ki, iyunun 5-də Mask və Tramp sosial mediada sərt sözlərlə mübahisə ediblər.
Mask bildirib ki, Tramp onun dəstəyi olmasaydı prezident seçkilərində qalib gələ bilməzdi. Mask həmçinin Trampın impiçmenti ideyasını da dəstəklədiyini bildirib. O, Ağ Evin hökumət xərclərini və prezidentin idxal tariflərini azaltmaq üçün irəli sürdüyü qanun layihəsini tənqid etməklə yanaşı Amerika iqtisadiyyatı üçün tənəzzülün labüd olduğunu qeyd edib. Buna cavab olaraq, Tramp Maskı məsuliyyətsizlikdə ittiham edib və subsidiyalar da daxil olmaqla, şirkətləri ilə hökumət müqavilələrini ləğv etməklə hədələyib. Prezident həmçinin bildirib ki, Mask qanun layihəsini tənqid etdiyinə görə çox məyus olub.